Futbol veteranı Yunis Hüseynovun futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqada bu gün 8-ci tura start veriləcək. Geridə qalan ilk 7 tura əsasən təəssüratlarınız nələrdir?

– Adətən mövsümün startında kimin hansı gücdə olduğu bilinir. Amma bumövsümdəki mübarizədə gözlənilməzliklər çoxdur. Autsayder hesab edilən komandalar gücləniblər. Favorit sayılanlar hazırda ön sıralarda getmirlər. 7 tur keçməsinə baxmayaraq, hadisələrin gedişatını müəyyənləşdirmək çətindir. Düşünürəm ki, 5-6 turdan sonra hər şey yoluna düşəcək, kimin hansı gücdə olduğu görünəcək. “Sabah” və “Neftçi”nin nəticələri hamı üçün sürpriz oldu. Bu iki klubun futbolçu heyəti ilə turnir cədvəlindəki hazırkı mövqeləri üst-üstə düşmür. Xüsusən də “Neftçi” yay fasiləsində çoxlu transferlər etdi. Oyun baxımından isə yaxşı təsir bağışlamır. Həmçinin “Sabah”da da ötən mövsümdəki gücü görmürəm. Bu cür davam etsələr, mövsüm onlar üçün çətin alınacaq.

– Hazırda “Neftçi” lider “Zirə”dən 7, “Sabah” isə 11 xal geri qalır. Xal itkiləri mövsümün sonunda onların başını ağrıtmayacaq?

– Hələ cəmi 7 tur geridə qalıb, qarşıda çox oyunlar var. Düzdür, çempionluğa oynayan komanda üçün 1 xal da vacibdir. Lakin bu itkilərin həlledici olacağına inanmıram. Mövsümün gedişində toparlana bilərlər. Ancaq sərgilənən oyuna əsasən onları çempionluğa namizəd kimi görmürəm. Fikrimcə, “Qarabağ” yenidən lider mövqeyinə yüksələcək. Eyni zamanda “Zirə” də özünü yaxşı tərəfdən göstərir. Futbolda “qara zolaq” var, oradan çıxdıqdan sonra ardıcıl qələbələr qazanan komandalar olub. Bəlkə “Sabah” yenidən özünə gələcək. “Neftçi”dəki qeyri-stabilliyi isə heyətdəki köklü dəyişikliklərlə əlaqələndirirəm. Əslində alınan oyunçuların ilk turlardan özünü doğruldacağını, “Neftçi”nin liderlər sırasında qərarlaşacağını gözləyirdim. Amma bu qədər transferin fonunda komanda yaxşı görünmür.

– “Neftçi”nin uğursuz çıxışını baş məşqçi Adrian Mutunun təcrübəsizliyi ilə əlaqələndirmək olar?

– Mutu yaxşı futbolçu olub, bunu danmaq olmaz. Amma məşqçi kimi hansı komandalarda işlədiyini bilmirəm. Açığı, heç maraqlanmamışam da. Sadəcə, adı Mutudursa, deməli, azərbaycanlı məşqçilərdən güclüdür? Öz məşqçilərimizin savadı gəlmələrdən çoxdur. Sadəcə, yerlilərin meneceri yoxdur.

– Məşqçilərin ilk 7 turdakı işinə nəzər yetirdikdə, kimləri fərqləndirmək olar?

– Məşqçiləri fərqləndirmək düzgün alınmaz. Ancaq sözümün üstündə dururam ki, yerli mütəxəssislər bura gələn əcnəbilərdən çox savadlıdırlar. Sadəcə, bizdə gəlmələrə çox geniş imkanlar yaradılır. Yerlilərə isə onlar qədər şərait yaradılmır. Bizi reklam edən menecer yoxdur.

– Düşünürsünüz ki, menecer olsa, azərbaycanlı məşqçilər daha yaxşı yerlərdə çalışarlar?

– Etiraf edək ki, xaricdə Azərbaycan çempionatına elə də böyük maraqla baxmırlar. Çempionat o qədər güclü olmalıdır ki, menecerlər gəlib baxmalı, məşqçiləri, futbolçuları aparmalıdırlar. Futbolçularımızın ölkə xaricində oynamalarından da çox şey asılıdır. Məsələn, Badri Kvaratsxeliya ilə hərdən danışıram. Onun oğlu Xviça “Napoli”də uğurlu çıxış etməyə başlayanda Badri mənə dedi ki, Gürcüstana saysız-hesabsız menecerlər axın edir. Bir Xviçanın parlaq çıxışı sayəsində gürcüstanlı futbolçulara böyük maraq yaranmışdı. Guya gürcülərin məşqçiləri bizdən çox ağıllıdırlar ki, dünyanın hər yerində işləyirlər? Bizim futbolçular yavaş-yavaş Avropaya çıxmağa başlayıblar. Həmişə onların legioner həyatı yaşamalarının tərəfdarı olmuşuq.

– Son vaxtlar məşqçilərin tez-tez hakimlər tərəfindən cəzalandırıldıqlarını müşahidə edirik. Sizcə, referilər həddən artıq aqressiv qərar vermirlər?

– Oyunlara baxıram, bəzən hakimlərin də səhvlərini görürük. Bunları baş məşqçilər də görürlər. Baş məşqçi futbolu bildiyi üçün bu vəzifədədir. Onların matçları gərginlik içində izləmələri də başadüşüləndir. Əsəbi halda müəyyən sözlər deyə bilərlər. Amma hakimlər də onlara tez-tez sarı və qırmızı vərəqə göstərirlər. Belə çıxır ki, baş məşqçi ağzını açmamalıdır.

– Əksər mütəxəsislər 2023-24-ü müstəqillik dönəminin ən maraqlı mövsümü sayır. Bu fikirlə razısınız?

– Xeyr, razı deyiləm. Məncə, bundan da maraqlı mövsümlərimiz olub. Yadımdadır, 7-8 komanda çempionluğa iddia edərdi. İndi isə maksimum 2-3 komanda çempionluq uğrunda mübarizə aparır. Yəni cari mövsümü əvvəlkilərdən üstün saya bilmərəm.

– “Neftçi” və “Sabah”ın sizi təəccübləndirdiklərini dediniz. Bəs müsbət mənada hansı komandanın nəticələri sürpriz oldu?

– “Sabah” və “Neftçi” Konfrans Liqasında oynadılar, heyəti gücləndirdilər, çoxlu legionerlər gətirdilər. Hər kəs onların daha yaxşı olacağını proqnozlaşdırırdı. Bəzi komandalar isə qələbələrlə ön sıralarda gedirlər. Müsbət mənada da onlar təəccübləndirdi.

İLQAR AĞAYEV

Shares: