I Liqada çıxış edən “İmişli” klubunun müdafiəçisi Nodar Məmmədov komandanın nəticələrinin yaxşılaşacağına inanır. Komandanın ardıcıl məğlubiyyətlərindən narahat olan sabiq yığma üzvü nikbindir.
Nodar futbolinfo.az saytına açıqlamasında “İmişli”də hər hansı problem olmadığını deyib: “Komandada problem yoxdur, hər şey yaxşıdır. Klub rəhbərliyi tərəfindən bütün lazımi şərait yaradılıb. Sadəcə, yeni kollektiv olduğumuz üçün bizə bir qədər vaxt lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması zaman tələb edir. Müəyyən vaxt keçdikdən sonra meydanda bir-birimizi daha rahat başa düşəcəyik, xətlərarası əlaqə yaxşılaşacaq. İnşallah, zamanla hər şey qaydasına düşəcək və nəticələrimiz düzələcək”.
Məmmədov nəticələrə evdə oynamamağın da təsir etdiyini düşünür: “Rəhbərlik hər şeyi edir ki, biz yaxşı nəticələr qazanaq. Hazırda ev oyunlarımızı Saatlıda keçiririk. Yaxın vaxtlarda İmişliyə, öz doğma meydançamıza qayıdacağıq. İnanıram ki, öz meydanımızda daha yaxşı nəticələrə imza atacağıq və Premyer Liqaya yüksəlmək hədəfimizə doğru inamla addımlayacağıq”.