Bakıda “Neftçi” ilə yoxlama görüşü keçirən Rusiya klubu “Zenit” 1:2 hesabı ilə məğlub olub.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında iştirak edən Sankt-Peterburq təmsilçisinin baş məşqçisi Sergey Semak fikirlərini bildirib:

“Çox xoş ab-hava var idi. Azərbaycana səfər etdiyimiz, görüşün təşkilatçılığına görə, “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Yaxşı mübariz oyun oldu. Hər şeydən razı qaldıq. Oyun praktikası az olanlar və gənclər bu matçda iştirak etmək imkanı qazandılar”.

O, “Neftçi”nin rusiyalı futbolçusu Reziuan Mirzovun görüşdə dubl etməsinə münasibət bildirib: “İkinci qol çox gözəl alındı. Buna görə, Reziuanı təbrik edirəm. Gənc futbolçularımız həmin anda bunun qarşısını ala bilmədilər”.

19 il əvvəl Bakıya futbolçu kimi gəldiyini xatırlayan rusiyalı mütəxəssis Ruslan Abışovun vida matçına çıxması ilə bağlı da danışıb: “Ruslan Abışovun qolları və məhsuldar ötürmələri keyfiyyətli olub. Bunlar azarkeşlərin xatirəsində yadda qalacaq. O ki qaldı 19 il əvvəl burada olmağıma, Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirəm”.

Çalışdırıcı “Neftçi”nin güclü tərəflərindən də bəhs edib: “Neftçi” ötən mövsüm Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub. Azərbaycanın ən populyar klublarından biridir. “Neftçi” və “Qarabağ” çox güclü klublardır. Digər klublar da güclənir. Azərbaycan millisinin son nəticələri ölkə futbolunun inkişafından xəbər verir. Bizdə və Azərbaycanda legioner baxımından qaydalar oxşardır. “Neftçi” ambisiyalı, güclü komandadır, avrokuboklarda çıxış edir. Belə klublarla əməkdaşlıq etmək bizim üçün xoşdur”.

O, Rusiya və Azərbaycan klublarının yay fasiləsində beynəlxalq turnirdə üz-üzə gəlmələri ideyasını dəstəkləyib: “Sparrinq baxımından belə hazırlıq matçları müsbət olar. “Match TV” Kuboku da bunun üçün təşkil olunmuşdu. Azərbaycan klubları ilə qarşılaşmaq bizim üçün maraqlı olar”.

Shares: