AÇ-2024-ün seçmə mərhələsində noyabrda keçirilən oyunlar FİFA reytinqinə təsirsiz ötüşməyəcək.

Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan millisinin də mövqeyində dəyişiklik olacaq.

Komandamız Belçika səfərində 0:5 hesablı məğlubiyyətə baxmayaraq, İsveçi Bakıda böyük fərqlə (3:0) üstələdiyi üçün sıçrayışa nail olacaq. Belə ki, bu qalibiyyət milliyə 18 reytinq xalı gətirəcək. Nəticədə yeni reytinqdə yığma 6 pillə irəliləyərək, 114-cü yerdə qərarlaşacaq. Yığmamızın aktivində 1174 xal olacaq.

Reytinqin zirvəsində də dəyişiklik gözlənilir. Son dünya çempionu Argentina və Fransa müvafiq olaraq 1-2-ci yerlərdə qalacaqlar. Lakin Braziliya üçüncü pilləni tərk edəcək. Onun əvəzinə ilk “üçlüy”ü İngiltərə qapayacaq. Belçika 4-cü, Braziliya isə 5-ci pillədə qərarlaşacaq.

Qeyd edək ki, növbəti FİFA reytinqi noyabrın 30-da açıqlanacaq.

Shares: