“Zirə”nin məğlubiyyətsiz oyunlar seriyası bitdi. Mövsüm başlayandan bəri liderlər qrupunda məskən salan “qartallar” “Neftçi”yə uduzmaqla 2-ci pilləni itirməsə də, əsas rəqiblərlə fərqin azalmasına şərait yaratdı. Düzdür, izləyicilər də turu qələbəsiz başa vurduğundan “qartallar”ın qış fasiləsinədək yuxarılarda qalması realdır. Amma “Neftçi”nin turu 3 xalla bitirməsi avrokubok zonasında mübarizəni bir qədər də gərginləşdirdi.
Dünən ilk yarıdakı oyun meydan sahiblərinin qələbəsindən xəbər vermirdi. Adrian Mutu start heyəti ilə bağlı yenə avantürist qərarlar qəbul etmiş, heç də ən yaxşılara güvənməmişdi. Üstəlik, Kilan Lebonun sağ cinaha atılması, iki mərkəz hücumçusuna güvənilməsi heç də ən düzgün variant deyildi. Bunun sayəsində “Zirə” oyuna ağırlığına qoya, topa sahiblikdə fərq yarada blmişdi.
Amma mövsüm boyu qol vurmaqda çətinlik çəkən qonaqlar ərazi üstünlüyünü hesabda əks etdirə bilmirdi. Belə futbolla matçın taleyini yalnız təsadüfi qol həll edə bilərdi. Amma onu “Neftçi” vurdu. Fasilədə edilən dəyişiklklər bəhrəsini verdi, Lebon sol cinaha keçən kim qol yaratdı. Rəhman Hacıyevin dəqiq zərbəsi isə daha çox Mutuya tər sillə idi. Ötən turarda özünü ən yaxşı tərəfdən göstərən yarımmüdafiəçini ehtiyata atmağın nə dərəcədə yanlış qərar olduğunu sübut etmək üçün 15 dəqiqə kifayət etdi.
Turun digər oyununda “Sabah” vacib qələbə qazandı. Tovuzda erkən qollar vuran paytaxt klubu “Kəpəz”in ani dirçəlişinin təsadüf olduğunu isbatladı. Bu komandalar arasında ciddi səviyyə fərqi var və dünənədək autsayderlər qrupunda olan rəqiblərin arasında xal fərqinin getdikcə artacağı şübhə doğurmur.
İstənilən halda, digər oyunların heç-heçə başa çatdığını nəzərə alsaq, həftənin ən qazanclı komandaları ötən mövsümün mükafatçıları – “Neftçi” və “Sabah” oldu. Onlar “Zirə” ilə xal fərqi 5-6 olan komandaların sayını dördə çatdırdı. Bu gün digər medalçı “Qarabağ”ın da qələbə qazanmaq şansı çoxdur. “Qəbələ” indiki vəziyyətdə ağdamlıları büdrədəcək vəziyyətdə deyil. Sensaiya qeydə alınmasa, “Qarabağ” zirvədə fərqi artıracaq, rəqibi isə autsayderlər qrupunda möhkəmlənəcək.
AĞA