“Kəpəz”in “İmişli”yə icarəyə verdiyi Elnur Cəfərovun futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz” səni “İmişli”yə icarəyə verdi. Gəncə klubunda qala bilməməyinə səbəb nədir?
– Bu məşqçinin qərarıdır, özümə də maraqlı gəldi. Məşqçidən soruşdum ki, niyə icarəyə göndərilirəm? Səbəb kimi iki yeni vingerin olması və mənim daha az şans qazanacağım deyildi. Başqa bir səbəb deyilmədi, çünki yox idi.
– Ötən mövsüm oynayırdın, təcrübə də yığmışdın. Bu qərar sənə pis təsir etmədi?
– Dediyim kimi məşqçinin düşüncəsidir. Ötən mövsüm oynayırdım, təcrübə toplamışdım, amma belə qərar verildi.
– Başqa Premyer Liqa klubundan təklif almışdın?
– Çempionatın ilk yarısından sonra transfer məsələləri çətindir. Çünki mövsüm ortasıdır, bir az fərqi situasiyadır. Ən yaxşısı mövsümün sonuna qədər oyun təcrübəsini qorumaqdır. Bəzi təkliflər var idi, amma onları hazırda müzakirə etmək doğru deyil.
– “İmişli” Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparır…
– Çalışacam ki, bu yolda onlara kömək edim. Əlimdən gələnin ən yaxşısını ortaya qoyacam ki, bu komanda əsas liqaya qayıtsın. Qayıtsın ona görə deyirəm ki, əvvəllər “MKT-Araz” kimi liqada mübarizə aparıblar. Ümid edirəm ki, buna nail olarıq.
– “Kəpəz” mövsümün ikinci yarısında sonuncu pillədən xilas ola biləcək?
– Gəncəlilərin son pillədən xilas olacağını düşünürəm. Çünki biz bu yerə layiq komanda deyildik. Bəzi oyunlarda bəxtimiz gətirmədi, bəzi matçlarda alınmadı. Amma əminəm ki, sonuncu olmalı deyildik. Komandaya inanıram və daha yuxarı pillələrə qalxacaqlarını düşünürəm.
ABBAS