“Qarabağ” mövsümün ikinci yarısına da əla başladı. Ağdamlılar “Araz-Naxçıvan”ı az qala gəzə-gəzə məğlub etdi. Bu işdə liderə rəqibin erkən avtoqolu da yardımçı oldu.

Qış fasiləsinə ən yaxın izləyicisindən 12 xal öndə yollanan “Qarabağ” artıq bu fərqi 14-ə yüksəldib. Əsas rəqiblərinin büdrəməsi sayəsində Qurban Qurbanovun yetirmələri, avrokubok matçına daha sakit tərzdə hazırlaşmaq imkanı qazanacaq. Heyətdə rotasiya etmək, aparıcı futbolçuları qorumaq, formada olmayanlara daha çox diqqət göstərmək üçün risk etmək asan olacaq. Bu gedişlə ağdamlılar mövsümün bitiminə 6-7 tur qalarkən çempionluğu elan edə bilər.

“Qarabağ”ın rahat qələbəsinə erkən qollar vurması yardım etdi. Naxçıvanlılar hər nə qədər müqavimət göstərməyə çalışsa da, heyətlər arasında keyfiyyət fərqi, eyni zamanda oturuşmuş oyun sistemi qalibi müəyyənləşdirdi. Muxtar Respublika təmsilçisi möhkəm ortabab olmağa davam edir, “Qarabağ”a məğlubiyyətə görə bu komandanı qınamağa dəyməz.

Zirvədə olduğu kimi, autsayderlər qrupunda da xal fərqi artır. “Kəpəz”in qalib gəldiyi turda növbəti ev məğlubiyyəti “Qəbələ”nin vəziyyətini bir qədər də pisləşdirdi. Hakimlərin bir hoqqa fikirləşib “Sumqayıt”a yardım edəcəyini hələ matçdan öncə yazmışdıq. Amma mübahisəli penaltiyə görə baş məşqçi Elmar Baxşıyev öz futbolçusunu günahlandırırsa, yetirmələrini müdafiə edə bilmirsə, elə sonuncu pillədə qalsa yaxşıdır.

“Qəbələ”nin rəhbərliyinin susqunluğu da çox maraqlıdır. Klub prezidenti Fariz Nəcəfov anlamalıdır ki, komandanı etibar etdiyi Nail Kərimov Elxan Məmmədovun kabinet oyunlarını çözə biləcək kafa sahibi deyil. Belə ucuz penaltini ancaq zəif adamların rəhbərlik etdiyi komandaların qapısına təyin etmək olar. AFFA-nın vitse-prezidenti Parisdən Azərbaycan çempionatını idarə edir, Hakimlər Komitəsindəki əlaltıları sayəsində sevimli klubları olan “Səbail”i, “Sumqayıt”ı yuxarı pillələrə dartır. Çempionatın ən vacib dönəmidir, indi tədbir görülməsə, sonra gec olacaq. Mövsüm bitəndə qərəzli hakim səhvləri heç kimin yadına düşməyəcək, hamı Nəcəfovun bacarıqsız rəhbər olduğu üçün “Qəbələ”nin I Liqaya yuvarlanmasından danışacaq.

İstənilən halda, “kimyaçılar” yenidən ilk “üçlük”dədir. Komanda artıq “Zirə” ilə xallarını bərabərləşdirib. Düzdür, komandanın potensialı sonadək yuxarı pillələrdə qalmağa yetməyəcək, amma reallıq odur ki, komanda vacib oyunları udub yoluna davam edir. Rəqiblərlə böyük səviyyə fərqi olmadığından qarşıda hər şey baş verə bilər.

FƏRİD

Shares: