“Turan Tovuz” bolqar hücumçusu ilə yollarını ayırır. Qərb klubu yaxın günlərdə yayda heyətinə qatıb iki illik müqavilə bağladığı Martin Detelinov-Petkovla vidalaşacaq.
Futbolinfo.az xəbər verir ki, ölkəmizdəki ilk günlərindən yaxşı təsir bağışlayan 21 yaşlı oyunçu daha sonra problemlər yaşadı. Formadan düşən Martin, ötən ilin sonundan baş məşqçi Ayxan Abbasovun inamını itirib. Qış fasiləsində də özünə gəlməyən bolqar vətəninə qayıtmaqda israrlıdır.
Azərbaycanda yaşamağa öyrəşə bilməyən, eyni zamanda ailəsində ciddi problemlər yaranan Petkov, müqaviləyə qarşılıqlı razılıqla xitam verməyə razılaşıb. Tovuzlular azad agent kimi transfer etdiyi futbolçunu eyni qaydada yola salacaq. Faydasız hücumçuya maaş ödəməkdənsə, onunla vidalaşmaq ən doğru variant sayılıb.
Sofiya “Levski”sinin yetirməsi olan forvardın Tovuza gələnədək son klubu “Septemvri” olmuşdu. O, karyerası ərzində “Slaviya” (Bolqarıstan), “Çernomorets” (Ukrayna) klublarının da formasını geyinib. Petkov Bolqarıstanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 11 oyun keçirib.