Finişə 16 tur qalmış 15 xallıq fərq. Dünən qələbə qazanan “Neftçi” turnir cədvəlində 2-ci pilləyə qalxsa da, liderlə məhz bu məsafədədir. “Qarabağ” qələbələri sıraladıqca izləyicilərinin büdrəmələri belə acınacaqlı mənzərəni ortaya qoyub.
Misli Premyer Liqasında cari mövsüm sona doğru irəlilədikcə daşlar yerinə oturur, zirvəyə daha çox layiq olanlar yerini tutur. Tezliklə “Sabah”ın da ilk üçlüyə iddia edəcəyi şübhəsizdir. Ötən mövsümün mükafatçıları sadəcə, mövsümün planlamasını düzgün aparmadığı, yanlışları sıraladığı üçün “Qarabağ”dan bu qədər geri düşüblər. Ağdamlılar isə sabitlik, sistemli iş sayəsində yoluna davam edir.
“Neftçi” büdcəsinə görə bu gün hətta ölkənin bir nömrəli komandasıdır. Yanlış seçimlər üzündən mövsümün yarısını boşa vermiş bakılılar indi ayılıb. Lakin Azərbaycanda ilk qələbəsini qazanan Miodraq Bojoviçin hər şeyi yoluna qoyduğunu da demək olmaz. Dünən xüsusilə ilk hissədə “Qəbələ” rəqibindən daha yaxşı oynayırdı. Sadəcə, ilk hissənin tamamında aşkar autsayder olan “qırmızı-qaralar”ln üstəlik azlıqda da qalması bütün ssenarini dəyişdi. “Neftçi” 10 nəfərlə oynayan “Qəbələ”dən top buraxmasından nəticə çıxarmasa, bu qələbənin davamı gəlməyəcək.
İstənilən halda, qaliblər mühakimə olunmur. “Neftçi” 2-ci pillədədir və birdən-birə iki komandanı ötməyi bacarıb. “Zirə”nin 7 oyunluq uğursuz seriyası, “Sumqayıt”ın sabit oynaya bilməməsi bakılılara maraqlı deyil. Növbəti üç oyun kritik olacaq, turnir cədvəlində yaxın pillələrdə olan rəqiblərlə görüşlərdəki nəticələr, ən əsası sərgilənən futbol Bojoviçin işinə qiymət verməyə imkan yaradacaq. Hələlik əcnəbi məşqçi hər hansı möcüzə göstərməyib – autsayder məğlub edilib və öndəki komandalar xal itirib.
Dünən Mərdəkanda qazanılan bir xalı “Sumqayıt” üçün qənimət saymaq olar. Komanda heç-heçə sayəsində 3-cü pillədə qalmağı bacardı. Hesabda öndə olan komanda qələbəni təmin etsəydi, daha yaxşı olardı. Lakin qol epizodu yaratmadan qol vuran “kimyaçılar” buna görə rəqib qapıçıya minnətdar olmalıdır.
“Araz-Naxçıvan” qalib gəlsəydi, bir pillə irəliləyəcəkdi. İndiki halda əsas rəqiblərdən birinə uduzmamaq onu irəli buraxmamaq baxımından önəmlidir, lakin qələbə qazanan “Sabah”la “Turan Tovuz”un yaxınlaşdığını da unutmaq olmaz. İndi mövsümün ən həlledici dövrüdür, xallar qazanmaq önəmlidir.
“Qarabağ”ın əlçatmaz göründüyü bir məqamda “Kəpəz”lə “Qəbələ” yavaş-yavaş aşkar autsayderə çevrilir. Çox güman, bu komandalar sonadək bir-biri ilə döyüşəcək. Digər 7 komanda isə avrokuboklara vəsiqə üçün amansız mübarizə aparacaq. 2-ci yerlə 8-ci pillədəki komandanı cəmi 7 xal ayırır. Bu isə o deməkdir ki, sabit oynayanlar mübarizədən qopmayacaq, ardıcıl büdrəyənlər isə uğur seriyası yaxalayanlara aşağıdan yuxarı baxacaq. Lakin son turadək avrokuboklara vəsiqə uğrunda mübarizənin davam edəcəyi dəqiqdir. Seyrələn siyahıda kimlərin qalacağını birlikdə görəcəyik.
FƏRİD