Azərbaycanda “Neftçi” və “Qarabağ”da çalışmış Ruben Selleş İspaniya mətbuatına müsahibə verib.

Futbolinfo.az saytı xəbər verir ki, 40 yaşlı mütəxəssis karyerası ərzində yaşadığı maraqlı anlardan danışıb.

Hazırda İngiltərədə “Ridinq” klubunun baş məşqçisi postunu tutan Selleş ilk titullarını “Neftçi”də qazandığını söyləyib: “Neftçi” Azərbaycanın ən vacib klubudur. Orada fiziki hazırlıq üzrə məşqçi idim, sonra baş məşqçi kimi çalışdım. Baxmayaraq ki, komandanı heç bir oyunda meydana çıxarmadım. Birinci mövsümdə ölkə çempionluğunu və kubokunu, ikinci ildə isə kuboku qazandıq. Həmin il təlatümlü, lakin çox gözəl idi. Onlar mənim ilk titullarım idi”.

İspaniyalı çalışdırıcı “Qarabağ”da keçirdiyi dönəmi də xatırlayıb: “2015-ci ildə Norveçdən Azərbaycana qayıtdım – bu dəfə “Qarabağ” üçün. İki il yarım işləmişəm. İkinci və fiziki məşqçi idim. Ardıcıl iki mövsüm liqanı və kuboku qazandıq. 2017-ci ildə “Çelsi”, “Roma” və “Atletiko” ilə Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardıq”.

Qeyd edək ki, Ruben Selleş 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da çalışıb.

Shares: