“Sabah”ın müdafəçisi Boyan Letiç ardıcıl məğlubiyyətlərdən narahatdır. O, ardıcıl iki oyunda uduzmalarının turnir vəziyyətlərinə mənfi təsir etdiyinin fərqindədir.
Cinah oyunçusu son turda “Turan Tovuz”a 0:2 hesablı məğlubiyyətin rəqibin daha yaxşı oynamasıyla bağlı olduğunu “Futbolinfo”ya açıqlamasında etiraf edib: “Tovuz səfərinin çətin keçəcəyini bilirdik. Gözlədiyimiz kimi də oldu. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Müəyyən səhvlərə yol verdik ki rəqib də bundan maksimum yararlandı. Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil. Ancaq indi bu oyunları unudub qarşıdakı matçlarımıza köklənməliyik. İrəlidə bizi bir-birindən vacib 7 oyun gözləyir”.
Letiç növbəti turda “Qarabağ”la matçın da çətin keçəcəyinin fərqindədir: “Bizim üçün çətin oyun olacaq, çünki liqanın ən yaxşı komandasına qarşı oynayırıq. Hər oyunda qalib gəlmək niyyətindəyik. Xüsusən indi, xallara həqiqətən ehtiyacımız olduğu bir zamanda bu vacibdir. İnanıram ki, bu matçdan müsbət nəticə ilə ayrılaraq azarkeşlərimizi sevindirəcəyik”.