“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubdan ayrıldıqdan sonra karyerasına fasilə verəcəyini etiraf edib. Bu barədə “Sports Brief” yazıb.

“Hazırda məşqçi kimi karyeramı davam etdirməyi planlaşdırmıram. Bir ildən sonra məndən soruşa bilərsiniz, amma indi yox”, – Klopp deyib.

Alman mütəxəssis 2015-ci ilin payızından “Liverpul”da çalışır. “Qırmızılar” onun rəhbərliyi altında İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. O, cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

“Uzun müddətdir normal həyat sürmürəm. Normal həyat sürmək üçün qocalana qədər gözləmək istəmirəm. Bunun necə olduğunu və darıxmayacağımı başa düşmək üçün heç olmasa, cəhd etməliyəm” – Klopp qərarını izah edib.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 71 xalla ikinci pillədə qərarlaşıb.

Shares: