Heç nə bitməyib. Səfər qələbəsi ciddi üstünlük olsa da, tam üstünlük deyil. “Zirə” cavab matçında daha diqqətli olmalıdır.
Təbii ki, baş məşqçi Rəşad Sadıqov da, futbolçuları da bunun fərqindədir. Amma bunu bilməklə kifayətlənmək olmaz. Futbolçu psixologiyası elədir ki, ilk növbədə əldə etdiyini qorumaq haqda düşünürsən, bu düşüncə isə pis sonluğa səbəb olur.
Bakıda baş tutacaq cavab matçı daha çətin keçəcək. Əvvəla ona görə ki, daha bir həftə “Şerif”in toparlanmasına, yenicə qurulan heyətin bir-birinə daha çox uyğunlaşmasına imkan yaradacaq. Dünənki oyun göstərdi ki, moldovalılar yaxşı futbolçulara sahibdirlər, sadəcə, əksəriyyət yeni transferlər olduğu üçün hələ anlaşma istənilən səviyyədə deyil. Ona görə də Bakıdakı oyunda daha dişli rəqib izləyəcəyik.
“Zirə”nin Moldovadakı qələbəsi həm avrokubok mövsümünə uğurlu başlamaq, həm də klub reytinqinə xallar yazdırmaq baxımdan önəmli oldu. Qol son dəqiqələrdə gəlsə də, matçın ədalətli nəticəsi heç-heçə olsa da, inadkarlığın, matçdan qopmamağın mükafatını aldıq. İndi bu üstünlüyü qorumaq, inkişaf etdirmək gərəkdir. “Şerif” ayılmamış, heyətini tam oturtmamış ələ düşən fürsətdən faydalanmaq, həlledici zərbəni vurub növbəti Mərhələyə çıxmaq vacibdir. Hələ bayram etmək yox, diqqət etmək zamanıdır.
Təbii ki, Sadıqov da cavab matçı üçün nəticəyə uyğun birşeylər fikirləşəcək. İndi komandanın hücum xətti daha rəngarəngdir, ehtiyatda layiqli əvəzedicilər var. Ona görə də tiraspolluları ümidlənməyə qoymaq olmaz, bütün imkanları səfərbər edib evdə də eyni tempi qorumaq məsləhətdir. Ələ düşən fürsətlərdən maksimum faydalanmaq üçün şərait olacaq. Hücuma atılmağa məcbur olan rəqibi amansızca qarşılamaq, öldürücü zərbə vurmaq əsas strategiya olmalıdır. “Zirə”nin sürətli ön xətt oyunçularının belə fürsətləri olacaq.
Qəsəbə təmsilçisnin müdafiəsi etibarlıdır. Buna rəğmən, moldovalılar dünənki matçda parlaq hücum xəttlərinin olduğunun siqnalını verə bildi. Bu rəqibə qarşı Bakıda daha diqqətli və cəsarətli oynamaqda fayda var. Eyforiyaya qapılmadan, daha intizamlı oynamaqla ən azı Konfrans Liqasının pley-offuna vəsiqəni rəsmiləşdirmək gərəkdir.
FƏRİD