“Qarabağ” – “Sumqayıt” (5:0) qarşılaşmasından sonra meydan sahiblərinin dubl edən hücumçusu Musa Qurbanlı futbolinfo.az saytına müsahibə verib. O, həm də bir məhsuldar ötürmə etdiyi oyundan danışıb.
Musa yenidən start heyətinə düşməsini fürsət sayır: “Böyükhesablı qələbə qazanmaq sevindiricidir. Yaxşı oyun keçdi. Qələbə həmişə xoşdu. Uzun müddətdir ki, 90 dəqiqə meydanda olmurdum. Fiziki formamı bərpa etmək üçün bir addım atmış oldum. Əlimdən gələni edəcəm. Hazırda öz üzərimdə işləyirəm. Əsas məqsədimiz çempionluqdur. Hər oyuna ciddi yanaşırıq”.
Qurbanlı çempionluq yolunda “Qarabağ”a rəqib ola biləcək komandalardan danışıb: “Turnir cədvəlində kim bizə yaxındısa, o mübarizəyə qoşulur. Amma buna fikir vermirik. Çalışırıq ki, fikrimizi öz oyunumuza yönəldək. Xal itirməməyə çalışırıq. Belədə öz hədəfimizə doğru gedirik. Bizim üçün Avroliqa və çempionatın fərqi yoxdu. Əlbəttə ki, Avropadakı oyunlarımız azarkeşlərimiz üçün xüsusi yer tutur. Ona görə də çalışacağıq ki, o oyunlara maksimum hazırlaşaq və azarkeşlərimizi sevindirək”.
Musa Avropa Liqasında pley-offa ümidini itirməyib: “Maksimum dərəcədə qələbə üçün oynayacağıq. Əlimizdən gələni artıqlaması ilə edəcəyik. Hələ heç nə bitməyib. Sona qədər döyüşəcəyik”.
GÜNAY SÜLEYMANOVA