“Hazırda danışıq apardığım həm xarici, həm də yerli klublar var. Hansı komandaya keçəcəyimi isə zaman göstərəcək”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında Ramin Əhmədov söyləyib.

Bir neçə gün əvvəl “Şamaxı”dan ayrılan futbolçu müqaviləsinin başa çatdığı üçün klubu tərk etdiyini bildirib: “Mən “Şamaxı”ya gələndə komanda Premyer Liqada mübarizə aparırdı. Lakin sonuncu yeri tutaraq I Liqaya düşdük. Daha sonra rəhbərlik, məşqçilər və komanda yoldaşlarımla birlikdə çox əziyyət çəkib yenidən elitaya qayıtdıq. Bu, mənə böyük təcrübə qazandırdı. Komanda ilə çox xoş xatirələr yaşadım”.

23 yaşlı yarımmüdafiəçi az oynamağının səbəbini ilk növbədə özündə gördüyünü vurğulayıb: “Zədələrim oldu. Ayrı-ayrı dövrlərdə ümumilikdə 1 ay 15 gün komandadan kənar qaldım. Əgər işlər istədiyin kimi getmirsə, birinci özündə səhv axtarmalısan. Başqalarını günahlandıranda hər zaman pisə doğru gedirsən. Mənfi cəhətlərimi analiz edirəm və düzəltməli olduğum şeylər var. Onları müsbətə çevirməyi bacarmalıyam. Özünü dəyişmək çətindir, amma heç dəyişməmək daha pisdir”.

O, şans qazanmadığını və bununla bağlı baş məşqçinin qərarına hörmətlə yanaşdığını qeyd edib: “Hər məşqçinin öz qərarı var və buna hörmətlə yanaşıram. Bəlkə də şansım olsaydı, vəziyyəti dəyişə bilərdim. “Şamaxı”ya, keçmiş komanda yoldaşlarıma və məşqçim Ayxan Abbasova uğurlar arzulayıram. İnşallah, istədikləri nəticələri əldə edərlər”.

Qeyd edək ki, Ramin Əhmədov 2023-cü ilin fevralından “Şamaxı”da çıxış edirdi. O, bu mövsüm komandanın heyətində Premyer Liqada 2, ölkə kubokunda isə 1 matçda iştirak edib.

GÜNAY SÜLEYMANOVA

Shares: