“Qış fasiləsinə lider kimi yollanmaq bizim üçün çox önəmli idi. Bu, mövsümün ikinci yarısı üçün bizə əlavə motivasiya verdi”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında Elvin Cəfərquliyev səsləndirib.

“Qarabağ”ın 24 yaşlı futbolçusu mövsümün ikinci yarısına ciddi şəkildə hazırlaşdıqlarını və fasilədən maksimum yararlanmağa çalışdıqlarını vurğulayıb: “İlk yoxlama oyunumuzu “Kəpəz”ə qarşı keçirdik. Şükür ki, hər şey istədiyimiz kimi getdi və 5:1 hesabı ilə qələbə qazandıq. Qarşıda bizi “Zirə” ilə ikinci yoxlama görüşü gözləyir. Bu oyun da bizim üçün əhəmiyyətlidir. Düşünürəm ki, fasiləni yetəri qədər dəyərləndiririk və komanda olaraq istədiyimiz formaya yaxınlaşırıq. Komandamızda ümumi ab-hava çox yaxşıdır. Psixoloji olaraq heç bir təzyiq hiss etmirik. Kollektivimizdə yetərincə təcrübəli futbolçu var. Bunun sayəsində həm Avropa Liqası oyunlarında, həm də daxili çempionatda uğur qazanmağı hədəfləyirik. Azarkeşlərimizi sevindirmək üçün hər şeyimizi ortaya qoyacağıq”.

İlin futbolçusu sorğusunda ikinci yeri tutan cinah müdafiəçisi şəxsi uğurları ilə bağlı da fikirlərini bölüşüb: “İlk öncə qələbə münasibətilə Toral Bayramovu təbrik edirəm. Səs verən və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mənə inananları yanıltmamaq üçün əlimdən gələni edəcəyəm. Hər şey öz üzərimdə işləməkdən asılıdır. Daha çox çalışaraq, özümü inkişaf etdirmək və ümidləri doğrultmaq istəyirəm. Futbolçu olaraq irəliləmək mənim üçün ən böyük motivasiyadır”.

GÜNAY SÜLEYMANOVA

Shares: