AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin futbolinfo.az saytına müsahibəsi

– AFFA-nın İnkişaf Strategiyasının əsas hədəfləri ilə bağlı fikirlərinizi bilmək istərdik…

– Strategiyada yer alan 6 yol bizə önəmlidir. Mənə görə burada ən vacib olan infrastruktur, kütləvilik və təhsildir. Ancaq regional və gənclər futbolunun inkişafı, inklüzivliyin və sosial məsuliyyətin təmin edilməsi, dayanıqlılıq məsələləri də çox vacibdir. Amma hazırkı durumumuz az öncə dediyim 3 amilə bağlıdır. Düşünürəm ki, doğru yoldayıq. Əsas məsələ bizi qarşıya qoyulan hədəflərə çatmağa aparacaq yoldur.

– Kişilərdən ibarət əsas milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət yığmanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindən hesab edilib. Sizcə, bunun öhdəsindən gələ biləcəyik?

– Bu, uzunmüddətli plandır. Kişilərdən ibarət əsas milli komandanın FIFA reytinqində ən yaxşı 75 komandanın sırasına düşməsi böyük iş tələb edir. Zənnimcə, hamımız eyni istiqamətdə hərəkət etsək, daha yaxşı nəticə də əldə edə bilərik. Qadınlardan ibarət yığmanın isə ən yaxşı 50 komanda sırasına düşməsini özümüz üçün hədəf qoymuşuq. Çox çətindir. Bilirsiniz ki, bizdə qadın futbolunda sıxıntılar var, o sıxıntılar bəzən obyektiv olur. Amma dediyim kimi, hədəfə gedən yolumuz ən çətin yoldur. Hamımız eyni istiqamətə doğru hərəkət edəcəyiksə, məqsədimizə çatacağıq.

– UEFA-nın klub reytinqində (kişilər) ilk “20-liy”ə, qadın komandaları üçün isə ilk “40-lığ”a daxil olmaq da uzunmüddətli hədəflər sırasındadır…

– Sözsüz ki, millimiz irəliləyəcəksə, klublarımız da irəliləmək məcburiyyətindədirlər. Nəticələr bir-birinə sıx bağlıdır. Qadın komandalarımız üçün daha çox vaxt lazım olacaq. Amma kişilərdən ibarət komandalarımızın “20-liy”ə düşməsi üçün təkcə federasiya yox, klublar da böyük iş görməlidirlər. Burada isə ən vacib məsələ dayanıqlılıq, maliyyə təminatı və infrastrukturun yaxşılaşdırılmasıdır. Bundan əlavə, bizə mütəxəssislərin yetişdirilməsi lazımdır ki, keyfiyyətli futbolçular ortaya çıxara bilsinlər.

– Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycanın yeni, innovativ Futbolun İnkişafı Mərkəzi yaradılacaq. Bu haqda nə deyə bilərsiniz?

– Bu, həm uzun, həm də çətin prosesdir. Çünki bir anda bir neçə amil vəhdət təşkil etməlidir. Burada həm keyfiyyətli təhsil, məşqçi heyəti, həm keyfiyyətli infrastruktur, həm də klublarda yeni, gənc futbolçuların inkişafı üçün yol xəritəsi lazımdır. Bu yol xəritəsinin isə başlanğıcında Futbolun İnkişafı Mərkəzinin yaradılması nəzərdə tutulub. Hansı formada nəzərdə tutulub, fəaliyyəti necə olacaq – bu, gələcəkdə aktiv planda müzakirə olunacaq və aktiv iş planında da öz əksini tapacaq. Sözsüz ki, Futbolun İnkişafı Mərkəzi yaradıldığı halda, bizim istedadlı futbolçularımızın sayı artacaq. Futbolun İnkişafı Mərkəzi olduğu təqdirdə, zənnimcə, daha keyfiyyətli futbolçular seçib, inkişaf etdirə biləcəyik. O da öz növbəsində xarici ölkələrin marağını cəlb edəcək.

– Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyi təmin ediləcək. Bunu reallığa çevirmək çətin olmayacaq?

– Bu, hazırkı durumda o qədər də asan iş deyil. Çünki bir neçə mərhələ keçmək məcburiyyətindəyik. Ancaq bayaq da dediyim kimi, Futbolun İnkişafı Mərkəzi yaradıldıqdan sonra o mərkəzdə elmi yanaşma daha çox olacaqsa və keyfiyyətli insanlar tərəfindən keçiriləcəksə, biz buna da nail olacağıq. Amma bu ən azı 5 il müddətində reallaşacaq. Çünki bir futbolçunun keyfiyyətli olmasına bir neçə amil təsir edir. Futbolun İnkişafı Mərkəzində 12-13 yaşında futbolçulara biz daha çox diqqət ayırası olsaq, onlar U-17, U-19 və U-21 millilərimizdə oynamaq yaşına çatanda keyfiyyətli iş əmsalları artacaq və bu, sonda əsas yığmamızın böyük turnirlərin final mərhələlərinə vəsiqə qazanması ilə özünü göstərəcək.

– AFFA-nın inkişaf strategiyasında göstərilib ki, Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq əsas hədəflərdən biridir. Buna nail olmaq nə qədər zaman alacaq?

– Bunun üçün klubların infrastrukturu, onların iştirak etdikləri turnirlərdəki nəticələri yaxşı olmalı, həm də heyətlərində keyfiyyətli futbolçular yer almalı və bunun sayəsində çempionatımızın səviyyəsi yüksəlməlidir. Son illərdə “Qarabağ”ın timsalında görürük ki, Azərbaycan bir komanda ilə daim Avropa səhnəsində özünü göstərə bilir, fərqlənir. Bu da futbol imicimizə müsbət təsir edir. Təsəvvür edin ki, “Qarabağ” kimi 3-4 klubumuz Avropa səhnəsində mütəmadi olaraq uğurlar, qələbələr əldə edirlər. Bu halda klublarımızın maliyyə dayanıqlılığı yaxşı olacaq və artıq klublarımıza keyfiyyətli əcnəbi futbolçuların cəlb olunması prosesi asanlaşacaq. Çünki klublar daxili çempionatdan çox beynəlxalq arenadakı nəticələri ilə tanınırlar. Avrokuboklarda nə qədər sistematik iştirak edirsənsə, keyfiyyətli legionerlər cəlb etmək sənin üçün daha reallığa çevrilir. Düşünürəm ki, bu yolla biz klublarımızın bazar dəyərini qaldıra bilərik. Beynəlxalq arenada təsadüfi nəticələr deyil, mütəmadi nailiyyətlərimiz olmalıdır. Nümunə kimi “Qarabağ”ı göstərdim. Bu klubumuz illər ərzində öz reputasiyasını qoruya bilib. Artıq Avropada “Qarabağ”la hesablaşırlar.

FƏRİD

Shares: