“Sabah”ın yeni transferi Stas Pokatilov ölkəsi Qazaxıstanda “Sport+”a müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı qapıçı Azərbaycan klubuna keçidin detallarından bəhs edib.

– Əvvəlcə “Sabah”a keçidinizdən danışardınız. Bu klubla bağlı ideya necə yarandı?
– Deyə bilərəm ki, bütün dekabrı və yanvarın əvvəlini danışıqlara sərf etmişəm. Əvvəlcə “Aktobe” ilə danışıqlar aparılsa da, baş məşqçi başqa qapıçıya üstünlük verdiyi üçün alınmadı. Bir qədər sonra “Sabah”ın rəhbərliyi mənimlə əlaqə saxladı və onlarla danışıqlara başladım. Təxminən bir həftə ərzində ümumi anlaşmaya gəldik və əməkdaşlıq etməyi qərara aldıq.

– Əvvəllər Türkiyə və Litva klublarının sizə maraq göstərməsi ilə bağlı xəbərlər yayılmışdı. Niyə Azərbaycanı seçdiniz?
– Düzünü desəm, belə marağın olduğunu ilk dəfə sizdən eşidirəm.

– “Sabah”ın baş məşqçisi Vasili Berezutskidir. Bu amil keçidində nə dərəcədə rol oynadı?
– Əlbəttə ki, Vasili Berezutski iddialı və perspektivli məşqçidir. Hər halda onunla işləməkdə maraqlıyam. Amma transferimdə əsas amil qapıçılar üzrə məşqçi Aleksey Antonyukla işləməyimdir. Onunla çalışmaqda maraqlıyam. Çünki qapıçı kimi onunla daha çox ünsiyyət quracağam. Aleksey Antonyukla Bakıya gəlməzdən əvvəl əlaqə saxladıq. Onun birgə işimizə və gələcək planlarımıza baxışını izah etməsi çox xoşuma gəldi.

– Deyilənə görə, “Sabah” sizi icarəyə götürüb. Belə çıxır ki, “Tobol”la müqaviləniz qüvvədədir?

– Xeyr, “Tobol”la müqaviləm bitib, azad agent kimi “Sabah”a keçdim.

– Qışda “Kayrat”ın sizi geri qaytarmaq istədiyi barədə məlumat var idi. Almatı klubu ilə danışıqlar olub?
– Heç kim mənimlə əlaqə saxlamayıb, zəng etməyib. “Kayrat”la danışıq aparmamışam.

– Klubun mövsümün sonuna kimi hədəfləri nədən ibarətdir?

– Bu barədə hələ heç kimlə danışmamışam, çünki cəmi bir neçə gündür buradayam. Amma eşitdiyimə görə, onların məqsədləri avrokuboklara düşmək və Azərbaycan Kubokunu qazanmaqdır.

– Sizcə, transferiniz millidə bir nömrə olmaq perspektivinizə hansısa şəkildə təsir edəcək?
– Təbii ki, çox şey oyunumdan və hansı formada olmağımdan asılı olacaq. Qərar isə Stanislav Çerçesovun rəhbərlik etdiyi məşqçilər korpusunundur. Millidə heç kimə start heyətində yer zəmanəti verilmir. Hər halda, məşqçilər korpusu yığmaya kömək etməyə hazır olduğumu hesab etsə, şad olaram.

– “Sabah”da start heyətində yer almaq üçün əsas rəqibiniz Azərbaycan millisinin qapıçısı Yusif İmanovdur. Onunla rəqabətdə şansınızı necə dəyərləndirirsiniz?
– Sağlam rəqabət heç vaxt heç kimə zərər verməyib. Şanslarımı qiymətləndirmək düzgün deyil. Oynamağa layiq olduğumu meydandakı çıxışımla göstərəcəyəm. Ancaq yenə də son qərarı məşqçilər korpusu verir.

Shares: