İngiltərə Premyer Liqasının dünən baş tutan Liverpul derbisindən sonra dava düşüb. 15-ci turunun təxirə salınmış “Everton” – “Liverpul” matçı (2:2) bitincə hakim bir neçə nəfərə qırmızı vərəqə göstərməyə məcbur olub.
Matça əlavə olunmuş 8-ci dəqiqədə meydan sahiblərindən Ceyms Tarkovski komandasının ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib. Bundan sonra onun komanda yoldaşı Abdulay Dukure “Liverpul” azarkeşlərinin yer aldığı sektorun qarşısında qolu qeyd etməyə başlayıb. Bu isə “qırmızılar”ın oyunçuları, xüsusən də yarımmüdafiəçi Kertis Consu qııcıqlandırıb.
Nəticədə bəzi futbolçular arasında dava baş verib. Hadisədən sonra Dukure, eləcə də hakimlə münahisə etdiyi üçün “Liverpul”un baş məşqçisi Arne Slot qırmızı vərəqə alıb.
Olay səbəbindən “Liverpul”un baş məşqçisi Arne Slotun keçirməli olduğu mətbuat konfransı ləğv olunub.