Milli komandamızın növbəti rəqibinin müəyyənləşməsi Rusiya yığması ilə planlaşdırılan görüşün baş tutmayacağını dəqiqləşdirdi. AFFA rəqib kimi Haiti millisi ilə qarşılaşmanın razılaşdırdığını açıqlamaqla hələ bir müddət əvvəl bu barədə yazdığımız xəbəri təsdiqləmiş oldu.

AFFA-nın yeni rəhbərliyinin milli komanda ilə bağlı siyasətində maraqlı məqamlar diqqət çəkir.

Seçilən rəqiblərlə bağlı qeyri-adi nəsə yoxdur. Martın 22-də qarşılaşacağımız Haiti yığması zəif rəqib kimi görünsə də, FIFA reytinqində bizdən xeyli öndə – 86-cı pillədədir. Hamı özünə uyğun komandayla oynamaq istəyir. Bu baxımdan bir çox tanınan klubda futbolçusu olan bu millini zəif saymaq olmaz. Millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək ki, sözügedən komandalarla görüşləri də normal saymalıyıq.

Oyunların təşkil edilməsində əsas diqqət çəkən məqam 4 matçdan üçünün ölkəmizdə təşkil ediləcəyidir. AFFA-nın əvvəlki rəhbərliyi az qala bütün qarşılaşmaları səfərə salırdı, hətta neytral ölkələrdə oynamalı olurduq. Bu, büdcənin məqsədli şəkildə, kimlərinsə marağına uyğun dağıdılmasına səbəb olurdu. Səfərlər, xaricdə toplanışlar kimlərinsə cibini doldurur, azarkeşlər yığma komandaya həsrət qalır, yadlaşırdı.

İndi isə durum fərqlidir. Bu 4 komandadan Latviya ilə səfərdə, digərləri ilə evdə oynayacağıq.

Digər önəmli məqam matçların müxtəlif stadionara salınmasıdır. Sabiqlər yığmanı hətta Respublika Stadionuna həsrət qoymuşdu, oyunlar AFFA-nın balansında olan, direktorları dost-tanış olan arenalara təyin edilirdi. 8-ci kilometr stadionu və “Dalğa Arena”dan başqa seçim yox idi.

İndiki AFFA rəhbərliyi isə millinin bütün stadionlarda oynamasına şərait yaradır. Qəbələdə əsas milli səviyyəsində matç baş tutdu. İndi isə bəlli olur ki, Belarusla görüş ilk dəfə Masazırda, Haiti ilə qarşılaşma Sumqayıtda reallaşacaq. Macarıstanla oyunun məkanı hələ dəqiqləşməyib, istisna deyil ki, bu görüşlə bağlı da yaxşı qərar veriləcək.

ABBAS

Shares: