“Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadənin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 26-cı turunda “Kəpəz”ə qalib gəlməklə qələbəsizlik seriyasına son qoydunuz. Futbolçularda “birdən yenə qalib gələ bilmərik” düşüncəsi var idi?
– Xeyr, elə düşüncəmiz yox idi. Oyuna tam köklənmişdik. Rəqiblə müqayisədə daha istəkli tərəf biz idik. Bunun sayəsində də qalib gəldik.
– Bu oyunda həm də uzun müddətdir davam edən “qol orucu”na son qoydunuz. Qol həsrətinizin bu qədər çəkməsinə səbəb nə idi?
– “Qol orucu” deməzdim. Sadəcə, elə gətirdi ki, belə alındı və 11 oyun qol vura bilmədik. Bunun konkret hansısa səbəbi yoxdur. Məşq edirdik, çalışırdıq, sadəcə meydanda qol epizodlarını reallaşdıra bilmirdik. Çox şükür, bu dəfə imkanlarımızı qola çevirdik.
– Oyuna son dəqiqələrdə qoşularaq yekun hesabı müəyyənləşdirən qola imza atdınız. Meydana ayaq basanda Premyer Liqada ilk qolunuzu vuracağınızı gözləyirdiniz?
– Əvvəla, mənə şans verdiyi üçün baş məşqçimiz Vaqif Cavadova təşəkkürümü bildirirəm. Mənə verilən hər şansdan maksimum dərəcədə yararlanmağa çalışıram. Şükürlər olsun, bu oyunda qol vurmaq nəsib oldu. Xəyallarımdan biri də son dəqiqələrdə qol vurub komandama qalibiyyət gətirmək idi.
– Bu qələbədən sonra “Sumqayıt” pis günləri, uğursuz nəticələri tam olaraq geridə qoya biləcək?
– Buna inanırıq. “Kəpəz” üzərindəki qələbə bizə özünəinam hissini qaytardı. İnşallah, daha yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Növbəti tur çərçivəsində martin 16-da “Turan Tovuz”un qonağı olacaqsınız. Çətin səfərdən yaxşı nəticə ilə qayıtmağı bacaracaqsınız?
– Düzdür, çətin səfərdir. Buna baxmayaraq, meydana xal almaq üçün çıxacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Uğurlu nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik.
– Gənc futbolçu olaraq qarşınıza hansı hədəfləri qoymusunuz?
– Hədəflərim çoxdur və böyükdür. Bunların arasında ilk hədəfim əsas millinin formasını geyinməkdir. Yığmada oynamaq hər bir futbolçu üçün qürurdur. Mən də həmin hissi yaşayacağıma inanıram.
CAVAD