“Turan Tovuz”la 1:1 hesabı ilə başa çatan ev oyunundan sonra “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov jurnalistlərin suallarını cavablandırıb.

– Qarşılaşmanın çətin keçəcəyini bilirdik və gözlədiyimiz kimi də oldu. Rəqib matçın gedişində azlıqda qaldı, amma bu cür komandalar adətən müdafiəyə çəkilərək oynayır və belə hallarda qol vurmaq asan olmur. Görüşün sonlarında önə keçsək də, üstünlüyümüzü sona qədər qorumağı bacarmadıq. Bu, bizim üçün üzücüdür. Nəticə çıxarıb, qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq.

– Qırmızı vərəqə sanki “Neftçi”nin əleyhinə oldu. Çünki “Turan Tovuz” bundan sonra daha çox müdafiəyə çəkildi…

– Futbolçu sayı bərabər olduqda açıq oyun gedir. Amma rəqib azlıqda qalanda müdafiəyə çəkilib sıx oynamağa üstünlük verir. Biz qol vurmaq üçün xeyli çalışdıq və buna nail olduq, lakin üstünlüyümüzü qoruya bilmədik. Gələcək oyunlarda bu cür hallar təkrarlanmasın deyə, diqqətli olmalıyıq.

– Qələbəni əldən verməyinizin səbəbi nə idi: diqqətsizlik, yoxsa oyunun bitdiyini düşünməniz? Həm də dumanlı hava şəraiti meydanda görünüşü çətinləşdirirdi…

– Havanın əlverişsiz olduğunu qəbul etmək lazımdır, amma əsas problem diqqətsizlik idi. Futbolda son saniyəyə qədər diqqətli olmaq şərtdir. Bu, digər idman növlərinə də aiddir.

– Deyəsən, əsas diqqətiniz artıq Azərbaycan Kubokuna yönəlib…

– Xeyr, razı deyiləm. Təbii ki, kubok vasitəsilə avrokuboklara vəsiqə qazanmaq şansımız daha yüksəkdir. Amma çempionatda da irəliləmək üçün imkanlarımız var idi.

– Amma reallıq odur ki, yuxarı pillələrdəki komandalarla xal fərqi kifayət qədər böyükdür.

– Bəli, amma son iki oyunda qalib gəlsəydik, beşinci pillədəki “Sabah”la xal fərqini minimuma endirə bilərdik. Futbol elə oyundur ki, bir neçə matçın nəticəsi turnir cədvəlində mövqeyə ciddi təsir göstərir. Qarşıdakı oyunlara maksimum motivasiya ilə çıxaraq həm çempionatda daha yüksək pillələrə qalxmaq, həm də kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– “Neftçi”nin yüzfaizlik qol epizodları demək olar ki, yox idi. Səbəb nə idi?

– Rəqibin azlıqda qalmasından sonra tam müdafiəyə çəkilməsi hücum qurmağımızı çətinləşdirdi. Biz daha çox cinahlardan hücum etməyə çalışırdıq. Bunun bəzi nəticələri oldu, amma qələbə qolunu vura bilmədik. Əgər hesabı qorusaydıq, indi fərqli nəticə müzakirə edərdik.

– Turnir cədvəlində “Şamaxı” ilə xal fərqinin azalması sizə əlavə təzyiq yaradır?

– Təbii ki, aşağı pillədəki komandaların bizə yaxınlaşması müəyyən narahatlıq yaradır. Bu səbəbdən hər oyuna maksimum diqqətlə yanaşmalı və ardıcıl qələbələr qazanmalıyıq. Qarşımızda böyük şans vardı, amma bundan istifadə edə bilmədik. Bu səhvlərdən dərs çıxarmalıyıq.

– Azərbaycan millisinin növbəti toplanışına çağırılacağınızı gözləyirsiniz?

– Əlbəttə, milli komanda bizim üçün qürur yeridir. Hər bir futbolçu kimi mən də yığmada olmaq və komandaya fayda vermək istəyirəm.

– Haiti və Belarusla yoldaşlıq görüşlərindən nə gözləyirsiniz?

– Rəqibin kimliyindən asılı olmayaraq, əsas məsələ millimizin inkişafı və bu oyunlardan faydalı nəticələr çıxarmaqdır. İnanıram ki, yığmamız daha yüksək yerlərdə olacaq və bu cür toplanışlar bizə xeyli kömək edəcək.

GÜNAY SÜLEYMANOVA

Shares: