“İmişli”nin baş məşqçisi Jorj Kaşkilyanın futbolinfo.az saytına müsahibəsi

– “Sumqayıt”la oyunaqədərki son 3 turda komandanız 7 xal qazanmışdı. Uğurlu seriyanı “kimyaçılar”la ev matçında davam etdirmək niyə mümkün olmadı?

– “Sumqayıt”la görüşdən əvvəl yaxşı formadaydıq və uğurlu seriyamızı davam etdirmək niyyətində idik. “Sumqayıt”a qarşı oyun gərgin və balanslı keçdi, matçın taleyini isə xırda detallar həll etdi. Bu cür qarşılaşmalarda məhz belə məqamlar həlledici olur. Oyundan sonra isə daha yaxşı nəticəyə layiq olduğumuz təəssüratı qaldı.

– 29 oyuna 29 xal və 9-cu pillə. Aydın məsələdir ki, aşağı liqadan Premyer Liqaya yeni yüksələn və hədəfi yüksək dəstədə qalmaq olan komandanın bu nəticəsi qənaətbəxş sayılmalıdır. Bəs şəxsən özünüzü bu nəticə tam qane edirmi? Daha çox xal toplamaq və yuxarı pillələrdə olmaq üçün nəyin çatmadığını düşünürsünüz?

– Yeni yüksəlmiş komanda üçün ümumi nəticəni müsbət qiymətləndirmək olar. Bununla belə, məşqçi kimi heç vaxt tam razı qalmıram. Elə oyunlar və epizodlar oldu ki, daha çox xal qazanmaq mümkün idi. Görünür, müəyyən məqamlarda sabitlik və heyətin dərinliyi çatışmadı ki, keyfiyyətli çıxışları daha uğurlu nəticələrə çevirək. Bəzi görüşlərdə isə şans amili də bizim tərəfimizdə olmadı.

– 29 tur ərzində ən çox hansı oyunlardakı xal itkisinə üzülürsünüz və həmin xal itkilərini yada salanda hələ də məyus olursunuz?

– Təbii ki, yadda qalan oyunlar olur, xüsusilə də qələbəyə çox yaxın olduğumuz, lakin sonda istədiyimiz nəticəni əldə edə bilmədiyimiz qarşılaşmaları qeyd edərdim. Məşqçi kimi belə anlar həmişə iz buraxır, amma onları komandanın inkişafı və öyrənmə prosesinin tərkib hissəsi kimi qiymətləndirməyə çalışıram.

– “İmişli” Premyer Liqada qalmaq missiyasının öhdəsindən böyük ölçüdə gəlib. Azərbaycanda ilk ilini keçirən məşqçi üçün Premyer Liqaya yeni yüksələn və yeni formalaşan komanda ilə qarşısına qoyulan hədəfə çatmaq çətin olmadı?

– Bu, kifayət qədər çətin və tələbkar bir proses olub. Yeni mühitdə, rəqabətli liqada yeni komanda formalaşdırmaq həm vaxt, həm də böyük zəhmət tələb edir. Bununla belə, prosesə, komandanın təşkilatlanmasına və oyunçuların yanaşmasına hər zaman inam olub. Əldə olunan uğur isə, şübhəsiz ki, bütün kollektivin ortaq əməyinin nəticəsidir.

– Kənardan açıq-aşkar görünür ki, Azərbaycan çempionatının gərgin və rəqabətli keçən cari mövsümündə hakimlər bu yükün altından qalxa bilmirlər. Bu fikirlə razısınızmı? Və Azərbaycanda bəyəndiyiniz referi varmı?

– Çempionat çox rəqabətli keçir və bu da təbii olaraq hər kəs – futbolçular, məşqçilər və hakimlər üçün tələbləri artırır. Hər liqada olduğu kimi, burada da müəyyən fikir ayrılıqları və daha vahid meyarların tətbiqinə dair gözləntilər mövcuddur. Lakin mən diqqətimi bizdən asılı olan amillərə yönəltməyə üstünlük verirəm. Hakimlərin işinə hörmətlə yanaşıram və fərdləri hədəfə almamağı üstün tuturam.

– “İmişli” ilə müqavilənizin müddəti mövsümün sonunda başa çatır. Rəhbərliklə yeni sözləşmə barəsində danışıqlarınız olubmu? Sizin rəhbərliyiniz altında növbəti mövsümdə daha iddialı “İmişli” görə bilərik?

– Hazırda əsas diqqətimiz liqada qalmağı təmin etməkdir. Bu hədəf çox yaxındır, lakin hələ tam rəsmiləşməyib. Mövsümü məsuliyyət və peşəkarlıqla başa vurmalı, qarşıya qoyulan məqsədə nail olmalıyıq.

– Ölkəmizə gəlmiş məşqçilər arasında taktiki bacarığı ilə xüsusi seçilənlərdənsiniz. Maraqlıdır, Azərbaycanda ən çox hansı həmkarınızla rəqib olmağı xoşlayırsınız? Kiminlə qarşılaşanda taktiki baxımdan daha çox düşünmək məcburiyyətində qalırsınız?

– Azərbaycan futbolunda bir çox bacarıqlı məşqçi var və mən xüsusilə taktiki cəhətdən yaxşı təşkil olunmuş komandalarla qarşılaşmağı xoşlayıram. Bu cür oyunlar bizi inkişaf etməyə və matçın detallarına daha dərindən diqqət yetirməyə vadar edir. Mənim üçün fərdi adlardan daha çox, məhz yüksək rəqabət və tələbkarlıq səviyyəsi önəmlidir.

CAVAD

Shares: