“Xankəndi”nin müdafiəçisi Nodar Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– II Liqanın 24-cü turunda “Qaradağ Lökbatan”la vacib oyunda qələbəyə çox yaxın olsanız da, son saniyələrdə qol buraxaraq 1 xalla kifayətləndiniz. Qələbəni əldən verməyinizin səbəbini nədə görürsünüz?

– Bizə sərf edən hesabı sonadək qoruyub saxlamaq istəyirdik. Lakin ani bir diqqətsizlik nəticəsində qapımızda qol gördük. Nəticədə meydanı 1 xalla tərk etməli olduq.

– 86-cı dəqiqədə zədələndiyiniz üçün əvəzləndiniz. Hazırda özünüzü necə hiss edirsiniz?

– Rəqib oyunçu ilə baş-başa dəydik. Ondan sonra özümü yaxşı hiss etmirdim, bu səbəbdən də əvəzlənmək məcburiyyətində qaldım. İndi də başımda ağrı qalıb, boynum və çiynim də ağrıyır.

– Növbəti turda 3-cü pillədəki “Quba”nın qonağı olacaqsınız. Bu matçdan gözləntiniz nədir? Qalib gələ biləcəksiniz?

– “Quba” ciddi rəqibdir. Oyuna maksimum dərəcədə yaxşı hazırlaşmalıyıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

– Mövsümün sonuna 3 tur qalıb və “Qaradağ Lökbatan”dan cəmi 3 xal öndəsiniz. Çempion olmağı bacaracaqsınız?

– Allahın izni ilə son 3 oyuna da yaxşı hazırlaşaraq çıxacağıq. Məqsədimiz çempionluqdur. İnanıram ki, bu missiyanın öhdəsindən gələcəyik.

– I Liqaya yüksələcəyi təqdirdə, “Xankəndi”nin orada hədəfi nə olacaq? Məqsədinizə çatsanız, I Liqada da iddialı ola biləcəksiniz?

– “Xankəndi” adı bir brenddir. Əmin ola bilərsiniz ki, “Xankəndi” hər liqada çempionluğa oynayan klub olacaq. Əvvəlcə isə II Liqada bunu bacarmalıyıq.

– Yəqin ki, “Xankəndi”nin ev oyunlarını doğma şəhərdə keçirməsini səbirsizliklə gözləyirsiniz…

– Əlbəttə, bunun baş verməsini çox istəyirik. İnşallah, o zaman da gələcək. Xankəndi şəhərində oynamaq komandaya əlavə motivasiya verər.

– Sabiq komandanız “Qarabağ” bu mövsüm çempionluq titulunu itirmək üzrədir. “Sabah”ın “köhlən atlar”ı birincilik yarışında üstələyəcəyini gözləyirdiniz?

– Düzünü desəm, əvvəl-əvvəl gözləmirdim. Amma “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı çox uzun çəkdi. Artıq onda dedim ki, “Qarabağ” üçün ölkə çempionluğu bu il çox çətin olacaq.

FƏRİD

Shares: