“Kəpəz”in yarımmüdafiəçisi Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı”ya uduzduğunuz (0:2) oyunla bağlı nə deyə bilərsiniz? Məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Son oyunlarımıza istədiyimiz kimi başlaya bilmirik. Niyə belə olduğunu mən də bilmirəm. Amma toparlanmaq lazımdır. Belə davam etməməlidir.

– Artıq 4 oyundur ki, “Kəpəz” uduzur. Özü də məğlub olduğunuz rəqiblərin hamısı turnir cədvəlinin son (8, 9, 11 və 12-ci) pillələrində qərarlaşan komandalardır. Hər şey yaxşı getdiyi vaxtda komanda nəyə görə “qara zolağa” düşdü?

– Bunun səbəbini özümüz də bilmirik. Məşqlərdə hər şey qaydasında olur. Amma oyunlarda vəziyyət dəyişir, istədiklərimizi həyata keçirə bilmirik.

– Artıq “Qəbələ” ilə aranızdakı xal fərqi 1-ə enib. Bu məqam üzərindəki təzyiqi daha da artırmayacaq? Pley-off oyunlarına qalmamağı bacaracaqsınız?

– “Kəpəz”də həmişə təzyiq var. Amma düşünürəm ki, bunun da öhdəsindən gələcəyik. Komanda şəklində son turlardakı uğursuz gedişatı dəyişəcəyik.

– Növbəti turda “Sumqayıt”ı qəbul edəcəksiniz. Tilsimi qırmaq, bu oyundan xal və ya xallarla ayrılmaq mümkün olacaq?

– İnşallah, bu görüşdə əlimizdən gələnin ən yaxşısını edib məqsədimizə çatacağıq. Qələbə qazanmaq istəyirik. Meydana 3 xal üçün çıxacağıq.

– Əksəriyyət bu mövsüm çempionatın səviyyəsinin, liqadakı rəqabətin artdığı qənaətindədir. Bu fikirlə razısınız? Necə düşünürsünüz, bunda legioner limitinin ləğvi əsas rol oynadı?

– Bəzi komandalarda yerli oyunçular çox şans qazanmır. Amma bizdə fərqli vəziyyətdir. “Kəpəz”də yerli futbolçulara yetərincə şans verilir. Az da olsa, liqada fərq hiss olunur.

– “Kəpəz”lə müqavilənizin müddəti cari mövsümün sonuna qədərdir. Sizə yeni sözləşmə təklif olunub? Başqa klublardan da təklifləriniz varmı?

– Hələ ki rəhbərliklə bu haqda heç nə danışmamışıq. Öncə komandanı liqada saxlayaq, sonra hər iki tərəf üçün nə xeyirlidirsə, onu da edərik.

ABBAS

Shares: