“Bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur”. Bunu Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə deyib.

“Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”, – o deyib.

Prezident çıxışında əlavə edib: “Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir”.

O bildirib ki, məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir: “Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.

Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur – biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük”.

Dövlət başçısı xatırladıb ki, bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri, eyni zamanda, güləş zalları var: “Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək. Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir. Güləş federasiyası xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək”.

Prezident İlham Əliyev güləş üzrə Avropa çempionatında medalçılar arasında qızların olmasına sevindiyini bildirib: “Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda uğurla inkişaf edir. Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir”.

Shares: