“Qış fasiləsinə qədər xal fərqi böyük deyildi və avrokuboklara vəsiqə qazanmaq üçün daha real şansımız var idi. Amma hələ heç nə bitməyib. Mövsümün sonuna qədər mübarizə aparacağıq və əlimizdən gələni edəcəyik ki, bu hədəfə çataq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Elçin Mustafayev deyib.
Gənc futbolçu “Qarabağ”a 1:3 hesablı məğlub olduqları oyunun çətin keçdiyini, xüsusilə Felipe Santosun qırmızı vərəqə almasından sonra komandası üçün vəziyyətin daha da ağırlaşdığını bildirib: “Oyuna yaxşı başladıq, amma belə güclü rəqibə qarşı 90 dəqiqə təzyiqə tab gətirmək çətindir. İkinci hissədə geriyə çəkilməyə məcbur olduq. “Qarabağ”a qarşı oynamaq həmişə çətin olub. Amma fərqi yoxdur, kimə qarşı oynayırıqsa, əsas odur ki, bu matçda xal itirdik. Qırmızı vərəqə aldıqdan sonra işimiz daha da çətinləşdi. “Qarabağ” kimi bir komandaya qarşı 10 nəfərlə oynamaq, hətta qısa müddət belə, ikiqat çətindir. Amma futbolda belə hallar qaçılmazdır. Qarşıdakı matçlara köklənməliyik”.
GÜNAY SÜLEYMANOVA