Elxan Məmmədovun hansısa işi reklamsız etdiyinə inanarsızmı? Hətta stadiona gedişindən təbliğat üçün istifadə edən AFFA-nın sabiq icraçı vitse-prezidenti bacarıqsız idarəçiliyini yalnız bu şəkildə pərdələyir.
Amma bu dəfə o, hər şeyi gizli edib. Futbol təsərrüfatındakı əməlləri ifşa edildikdən sonra dostlarının köməyi ilə vəzifəyə təyin olunmaq adı altında FIFA-y qaçan Məmmədov bu həftə Azərbaycanda olub, müxtəlif matçları izləyib. O, kubokun yarımfinal mərhələsinin səs-küylü “Sabah” – “Qarabağ” görüşünə də baş çəkib.
Məmmədovun səfərinin məqsədini, kimlərlə görüşdüyünü bilmirik. Amma üzə çıxmağı lazım bilməyibsə, deməli, qara işlərlə məşğul olur, kiminsə ya qılığına girir, ya da arxasınca iş çevirir. İlanı yuvasından çıxan şirin dilini işə salıb, yəqin illər boyu etdiklərini unutdurmağa çalışır.
Elxanın əl-ayağa düşməsi təsadüfi deyil. AFFA-dakı əsas informatoru Cahangir Həsənzadənin işdən çıxarılmasından sonra növbənin digər əlaltılarına çatdığını, futbolun əlindən getməkdə olduğunu anlayır. Buna görə yeni əlaqələr qurmağa, yenidən geri qayıtmaq üçün komandasını qorumağa çalışır. Bir neçə gün öncə müsahibə verib dəstək axtaran dostu Zaur Axundovun üzə çıxması da təsadüfi deyildi.
Məmmədov klubları əlində saxlayan, AFFA-da hələ də müxtəlif vəzifələrdə çalışan dəstə üzvləri ilə gizli görüş də keçirib, təlimatlarını verib, xaos yaratmaq üçün nə etmək lazım olduğunu planlayıb. Son vaxtlar hakim səhvlərini çoxalması, qərəzli qərarların sıralanması elə bununla bağlıdır. Müxtəlif iddialı klublar narazı salınır, Məmmədovun əsas düşmən gözü ilə baxdığı “Sabah”ın layiqli qələbələrinə kölgə düşürülməsinə çalışılır. Böhran yaradıb onu idarə etməklə indiki AFFA rəhbərliyinin gözdən salınması prosesi aktualdır.
Elxanın bu səfər zamanı nüfuzlu futbol adamlarından kiminlə görüşdüyünü, danışdığını bilmirik. Amma timsah göz yaşlarına inanmaq olmaz. Ölkə futbolunun bugünkü durumunun bünövrəsini qoyan, proseslərin faydasını özünə yönəltmiş bir adama güvənmək qorxuludur.
ABBAS






