“Qəbələ” avrokuboklar tarixində ilk böyük hesablı qələbəsini qazanıb. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Avropa Liqasının birinci təsnifat mərhələsinin “Samtredia”nı (Gürcüstan) 5:1 hesabı ilə darmadağın ediblər.
Əyalət təmsilçisi tarixində ilk dəfə avrokubok matçında 5 qol vurub və 2-dən artıq top fərqilə qalib gəlib. İndiyədək “Qəbələ” bir oyunda 2-dən artıq qol vurmayıb və 2-dən çox top fərqinə sevinməmişdi.
Ümumilikdə isə bu qələbə avrokuboklarda çıxış edən Azərbaycan klublarının 9-cu darmadağını olub. Bunadək “Qarabağ” 5, “İnter”, “Neftçi” və “Şəmkir” hərəyə 1 böyük hesablı qələbə qazanıb. Ən böyük hesab və ən çox qol isə “İnter”in hesabındadı.
Bakılılar Estoniya “Trans”ı 5:0 hesabı ilə məğlub edib. “Qəbələ” darmadağın rekorduna şərik ola bilməsə də, bir oyunda 5 qol vuran ikinci komandamız olub. “Qırmızı-qaralar” evdə ən çox qol vuran Azərbaycan klubu kimi tarixə düşüb. Çünki təmsilçilərimiz öz meydanında 4-dən çox qol vura bilməmişdi.
“İnter” isə 5 qolu səfərdə vurduğundan “Qəbələ” öz meydanında, yəni Azərbaycanda bunu bacaran ilk klub olub.
Azərbaycan klublarının avrokuboklardakı böyük hesablı qələbələri
02.08.2000 “Şəmkir” – “Skonto” (Latviya) – 4:1
01.07.2009 “Qarabağ” – “Metallurq” (Makedoniya) – 4:1
30.06.2011 “Banqa” (Litva) – “Qarabağ” – 0:4
06.07.2011 “Qarabağ” – “Banqa” (Litva) – 3:0
05.07.2012 “Trans” (Estoniya) – “İnter” – 0:5
17.07.2012 “Neftçi” – “Zestafoni” (Gürcüstan) – 3:0
22.07.2014 “Qarabağ” – “Valletta” (Malta) – 4:0
27.08.2015 “Qarabağ” – “Yanq Boyz” (İsveçrə) – 3:0
30.06.2016 “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1