Bu ilin Olimpiadasından başlayaraq hər bir iştirakçı Beynəlxalq Olimpiya Komitəsindən 10 min dollar məbləğində qrant almaq üçün müraciət edə biləcək. Bunu BOK İdmançılar Komissiyasının rəhbəri Pau Qazol bəyan edib.

“Olimpiyaçılar üçün yeni qrantı elan etməkdən qürur duyuram. 2026-cı il Olimpiadasından başlayaraq, oyunlarda iştirak etmiş hər bir idmançı 10 min dollar həcmində qrant üçün müraciət edə bilər. Belə bir şey əvvəllər heç vaxt olmayıb, əminəm ki, bu, hərəkatımızı gücləndirəcək. İdmançılar Komissiyasına, onun hazırkı və keçmiş üzvlərinə minnətdaram; bu qrant təkcə medalçılar üçün deyil, bütün iştirakçılar üçündür. Hər bir idmançı fədakarlıqlar edib, illərlə gərgin çalışıb, arzusuna inanıb. Bu, mükafat pulu deyil, olimpiyaçı olmaq yolunun tanınmasıdır”, — deyə Qazol BOK-un iyunun 24-25-də Lozannada keçirilən sessiyası zamanı bildirib.

Antidopinq qaydalarını, BOK-un Etika Məcəlləsini və ya Olimpiya Xartiyasını pozmayan bütün idmançıların qrantı almaq hüququ var.

Shares: