Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev “Şahdağ Qusar”dan ayrılıb.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, 36 yaşlı yarımmüdafiəçi karyerasını I Liqa təmsilçisi “Səbail”də davam etdirəcək.

2023-cü ildə uzun illər formasını geyindiyi “dənizçilər”də peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayan Əmirquliyev yenidən həmin klubun formasını geyinəcək.

Azərbaycan Premyer Liqası tarixində ən çox oyun keçirən futbolçu (451) olan Əmirquliyev “Səbail”də yalnız futbolçu kimi deyil, inzibati vəzifədə də fəaliyyət göstərəcək. Onun klubun İdarə Heyətində təmsil olunacağı da gözlənilir. Tərəflər arasında qalan bir neçə detal razılaşdırıldıqdan sonra keçid rəsmən açıqlanacaq.

Qeyd edək ki, Rahid Əmirquliyev 2023-cü ildə “Səbail”də altı illik çıxışını başa vuraraq futbolçu karyerasını bitirdiyini elan etmişdi. Daha sonra futbola başladığı “Şahdağ Qusar”a qayıdan təcrübəli futbolçu ötən mövsüm altı ay klubun prezidenti vəzifəsini də icra edib.

Shares: