Milli Basketbol Assosiasiyası 2026/27 mövsümü üçün yeni əməkhaqqı limitini təsdiqləyib. Bu barədə liqanın rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilir ki, növbəti mövsüm üçün əməkhaqqı limiti 164,961 milyon dollar təşkil edəcək. Bu göstərici 2025/26 mövsümü (154,647 milyon dollar) ilə müqayisədə 6,67 faiz artıb. Oyunçuların maaşları üçün minimum xərc həddi isə 148,465 milyon dollar səviyyəsində müəyyən edilib.
Həmçinin lyuks vergisi həddi də təsdiqlənib — 200,428 milyon dollar. Bu limiti keçən klublar liqaya əlavə ödənişlər edəcək. Bundan əlavə, liqa yüksək xərcləri olan klublar üçün daha sərt şərtlər müəyyən edən 209,015 və 221,686 milyon dollarlıq əlavə maliyyə məhdudiyyətləri tətbiq edib.
MBA-nın 2026/27 mövsümünün müntəzəm çempionatı oktyabr ayında start götürəcək.
