“Feyenord” və “Liverpul”un sabiq məşqçisi Arne Slot Niderland millisinə rəhbərlik edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Nos Sport” məlumat yayıb.
İyunun 30-da Niderland DÇ-2026-nın 1/16 final mərhələsində Mərakeşə uduzaraq (1:1, penaltilərlə 2:3) turnirdə mübarizəni dayandırıb.
Afrika komandasına qarşı məğlubiyyətdən sonra Niderland millisinin baş məşqçisi Ronald Kuman postunu tərk edib. Bu barədə 63 yaşlı mütəxəssis sosial şəbəkələrdə məlumat paylaşıb.
Kuman karyerası ərzində ikinci dəfə 2023-cü ildə Niderland millisinin sükanı arxasına keçmişdi. Buna qədər isə o, 2018-ci ildən 2020-ci ilə qədər milli komanda ilə çalışmışdı.
Mənbənin verdiyi məlumata görə, millinin yeni baş məşqçisi 47 yaşlı Arne Slot ola bilər. Mütəxəssisin son iş yeri «Liverpul» olub. O, komandaya 2024-cü il iyulun 1-dən 2026-cı il mayın 30-na qədər rəhbərlik edib.
Niderlandlının rəhbərliyi altında «Liverpul» 2024/25 mövsümündə Premyer Liqanın qalibi olub.
