“Neftçi” Ukraynada çıxış edən daha bir futbolçuya maraq göstərir.
Futbolinfo.az xəbər verir ki, bu barədə ölkənin tanınmış insayderi İqor Burbas paylaşım edib.
Onun sözlərinə görə, Bakı klubu “Veres”in mərkəz müdafiəçisi Kay Çipotu transfer etmək niyyətindədir. Burbasın sözlərinə görə, “ağ-qaralar” sloveniyalı üçün ikinci dəfə cəhd göstərib: “Mənə məlum olduğu qədər, “Neftçi” Kay Çipotu transfer etmək üçün yeni cəhd edir. İyulda sloveniyalı mərkəz müdafiəçisi ilə bağlı danışıqlar uğursuz nəticələnmişdi. O vaxtdan azərbaycanlılar həmin mövqeyə heç kimi transfer etməyiblər. “Veres” isə artıq onun əvəzləyicisini tapdığı üçün təkliflərə müsbət yanaşa bilər. Klub braziliyalı Andreyi heyətinə cəlb edib”.
İnsayderin sözlərinə görə, 25 yaşlı müdafiəçinin transferi “Neftçi”yə 350-400 min avroya başa gələ bilər.
