“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Flashscore” nəşrinə müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionunun uğurunun memarı maraqlı həyat yolu, hücum futbolu fəlsəfəsi və Avropanın ən güclü komandaları ilə mübarizəyə hazır olması barədə danışıb.

– Litvada “Kim milyonçu olmaq istəyir?” verilişində iştirakınız və bunun məşqçilik karyeranıza başlamanıza imkan yaratması barədə çox danışılıb. Bu, həqiqətən belədirmi? Həmin təcrübə ilə bağlı hansı xatirələriniz var? Əgər o veriliş olmasaydı, yenə də öyrənmək üçün İngiltərəyə gedərdiniz?

– Mən həmin verilişə yarışmaq və yaxşı vaxt keçirmək üçün qatılmışdım. 12 yaşımda peşəkar futbolçu olmayacağımı anlayanda artıq bilirdim ki, futbol məşqçisi olmaq istəyirəm. Daha sonra İngiltərəyə köçmək imkanım yarandı. Ora daha yaxşı həyat qurmaq üçün getdim, eyni zamanda futbol məşqçiliyi yolunda irəliləmək barədə dəqiq planım var idi. Futbolda işləyə və bunu öz peşəmə çevirə bildiyim üçün çox xoşbəxtəm. Həmin veriliş olmasaydı, nə baş verəcəyini deyə bilmərəm. Amma inanıram ki, arzuma çatmaq üçün başqa bir yol tapardım.

– Heç vaxt peşəkar futbol oynamayan məşqçilər qrupuna aidsiniz. Sizcə, bu amil məşqçilik yanaşmanızı necə formalaşdırıb?

– Bunun üstünlük olduğunu deyə bilmərəm. Hələ də düşünürəm ki, keçmiş futbolçular məşqçilik fəaliyyətinə başlayarkən müəyyən üstünlüyə malik olurlar. Onların daha çox tanışı, soyunub-geyinmə otağı ilə bağlı təcrübəsi və futbolçuların hörməti olur. Amma illər ərzində futbol məşqçiliyi çox dəyişib və bu peşə inkişaf edib. Müasir dövrdə futbol məşqçisi sadəcə lider və ya taktiki mütəxəssis deyil. O, fiziki hazırlıq, insan fiziologiyası, psixologiya, menecment, maliyyə və inzibati məsələlər barədə də anlayışlı olmalıdır. Yaxşı təşkilatçı, ünsiyyətcil və analitik olmalı, bəzən hətta aktyorluq bacarığına da sahib olmalıdır. Taktiki bilikləri isə ayrıca qeyd etməyə belə ehtiyac yoxdur.

valdas dambrauskas - Futbolinfo.az

Bundan başqa, məncə, ən vacib məsələlərdən biri emosional intellektdir. Düşünürəm ki, futbol karyerasını başa vurduqdan dərhal sonra məşqçiliyə başlayan bəzi keçmiş futbolçular bu məsuliyyətlərin hamısının fərqində olmurlar. Heç vaxt futbol oynamayan məşqçilər isə bu çatışmazlıqları hər gün öyrənməklə və özlərini inkişaf etdirməklə kompensasiya edirlər. Mən hər gün daha yaxşı olmaq üçün çalışmışam və indi də çalışıram. Ən böyük qorxum öyrənməyi və inkişaf etməyi dayandırmaqdır.

– İngiltərəyə gedəndə artıq məşqçi olmaq üçün təhsil almağı planlaşdırırdınız?

– Bəli, əlbəttə. İngiltərəyə getdiyim ilk gündən məqsədim futbol məşqçisi olmaq idi. Hər şey mərhələli şəkildə baş verdi. Əvvəlcə dili öyrəndim. Sonra “Level 1” məşqçilik kursuna yazıldım. Ardınca “Level 2” kursunu keçdim. Daha sonra gənclər futbolunda ilk məşqimi keçərək təcrübə qazandım. Sonra peşəkar və ya yarıpeşəkar klubun akademiyasında iş tapmağa çalışdım. Universitetdə idman elmləri və məşqçilik üzrə təhsil aldım. Özümü inkişaf etdirmək üçün mümkün olan bütün kurslara və konfranslara qatıldım. Daha sonra peşəkar futbolda işləmək barədə düşünməyə və plan qurmağa başladım. Bilirdim ki, İngiltərədə bu, mənim üçün çox çətin olacaq. Amma öz ölkəmdə şans əldə edə biləcəyimə inanırdım.

– Futbol fəlsəfənizin əsas prinsipləri hansılardır? Hücuma meyilli və müasir futbol oynadırsınız. Hansı məşqçiləri və komandaları öyrənmisiniz? Sizə kimlər ilham verir?

– Mən qol vurmağı sevirəm. Futbola yanaşmamı bir sözlə ifadə etməli olsam, bu, dominantlıq olardı. Risk etməkdən qorxmuram. Mənim üçün ən ideal nəticə dörd fərqli futbolçunun qol vurduğu və dörd fərqli oyunçunun məhsuldar ötürmə verdiyi 4:3 hesablı qələbə olardı. Belə oyundan sonra soyunub-geyinmə otağını təsəvvür edə bilərsinizmi? Bu səbəbdən də oxşar futbol fəlsəfəsinə malik komandaları və məşqçiləri sevirəm. Zamanla baxışlar dəyişir. Bir vaxtlar Arsen Vengerin “Arsenal”ını, Marselo Bielsanı, Ralf Ranqniki və digərlərini çox bəyənirdim. Digər idman növlərindən də çox şey öyrənirəm. Xüsusilə basketbol, Amerika futbolu, reqbi və buz hokkeyindən. Bəzən düşünürəm ki, futboldan daha çox ideyanı məhz digər idman növlərindən götürürəm.

– Sizi niyə “Litvalı Mourinyo” adlandırırlar? Bu bənzətmə xoşunuza gəlir?

– Düşünmürəm ki, bu ləqəb geniş yayıldı. Ola bilsin ki, bir müddət əvvəl belə deyirdilər. Çünki nə mənim, nə də Joze Mourinyonun peşəkar futbolçu kimi ciddi karyerası olub.

shahdag - Futbolinfo.az

– Avropanın müxtəlif ölkələrində çalışmısınız, çox fərqli yerlərdə işləmisiniz. Bütün bu təcrübələrdən “Sabah”dakı bu inanılmaz macəraya nə gətirmisiniz?

– Müxtəlif ölkələrdə, fərqli ənənələr və mühitlərdə işləmək futbolun mənə karyeram ərzində verdiyi ən böyük hədiyyədir. Bu, həm insan, həm də futbol məşqçisi kimi məni zənginləşdirib. Məşqçilikdə həmişə ilk növbədə futbolçuya yox, insana baxmağa çalışıram. İnsanı anlamadan futbolçunu məşq etdirmək mümkün deyil. Keçmişdə məşqçilər oyunçularla müəyyən məsafə saxlayırdılar. Mənim fəlsəfəm isə onlara mümkün qədər yaxın olmaqdır. “Sabah”da çoxmillətli komandamız var. Müxtəlif ölkələrdə qazandığım əvvəlki təcrübələr futbolçularımı daha yaxşı başa düşməyə və onların inkişaf etməsi üçün düzgün yol tapmağa imkan verir.

– 2017-ci ildə yaradılan “Sabah”ı ölkə çempionluğuna, kuboka və indi də Çempionlar Liqasının əsas mərhələsinə çıxarmısınız. Geriyə baxanda hansı hissləri keçirirsiniz?

– Bu, həqiqətən də, inanılmaz il oldu. Yerli çempionatda son mövsüm Çempionlar Liqasında böyük səs-küy yaradan çox güclü “Qarabağ” var idi. Onlar son 13 ildə 12 dəfə Azərbaycan çempionu olublar və 13 il ardıcıl avrokuboklarda iştirak ediblər. Biz onlardan öyrəndik, onlar bizi daha da gücləndirdilər. Aramızdakı hər oyun taktiki, psixoloji və texniki baxımdan ən yüksək səviyyəli mübarizə idi. Bir mövsümdə çempionluğu, kuboku qazanmaq və Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək təsəvvürlərdən də kənar bir şeydir. Bu, klubdakı hər kəsin – təmizlik işçisindən tutmuş prezidentə qədər – ağır əməyinin nəticəsidir. Əksər klublar komanda işindən danışır. Amma on fərqli klubda çalışmış biri kimi deyə bilərəm ki, çox az klub bunu həqiqətən həyata keçirir. “Sabah”ın əsas gücü də məhz bundadır: klubdakı hər kəs öz işini görür və hamı eyni istiqamətdə çalışır.

– Çempionlar Liqasında hansı ruhla iştirak edəcəksiniz?

– İlk növbədə özümüzü sınayacağıq və ən yaxşılarla mübarizə aparacağıq. Bu, sadəcə həyəcan deyil, eyni zamanda böyük məsuliyyət və fürsətdir. Bu turnir klubun inkişafı üçün çox vacibdir. Biz həm fərdi, həm də komanda olaraq yalnız inkişaf edə bilərik. Bu fürsətdən maksimum yararlanmaq istəyirik.

– “Qarabağ”ın uzunmüddətli hegemonluğuna son qoymusunuz. Onlar sizin üçün nümunədir, yoxsa sadəcə rəqib?

Məncə, bu rəqabət Azərbaycan futbolu üçün yalnız faydalı ola bilər. Razısınızmı? – “Qarabağ”ın illər ərzində Azərbaycan futbolu üçün etdiklərini sözlə ifadə etmək mümkün deyil. Son 13 ildə 12 dəfə çempion olmaq və ardıcıl 13 il avrokuboklara vəsiqə qazanmaq hər hansı sözdən daha çox şey deyir. Hələ Azərbaycana gəlməzdən əvvəl də “Qarabağ”ı böyük maraqla izləyir, uğurlarının səbəblərini anlamağa çalışırdım. Onlara qarşı keçirdiyimiz hər oyun mənim üçün universitet təhsili ilə müqayisə edə biləcəyim bir öyrənmə prosesi idi. Bu oyunlardan çox şey öyrəndim və bu mövsüm yenidən həmin qarşılaşmaları yaşamağı səbirsizliklə gözləyirəm. Həmçinin düşünürəm ki, Azərbaycan futbolunda rəqabətin artması hamı üçün faydalı olacaq. “Zirə”, “Turan Tovuz” və “Neftçi” kimi ambisiyalarını gizlətməyən, həm sözləri, həm də oyunları ilə bunu göstərən başqa yaxşı komandalar da var. İnanıram ki, Azərbaycan çempionatının gələcəyi yaxşıdır.

13c9fdb0 7d8d 4c2a 8336 b540d9e46b37 - Futbolinfo.az
Shares: