Polşa Milli Olimpiya Komitəsinin prezidenti Radoslav Pesyeviç Varşavada müflis olmuş kriptovalyuta birjası “Zondacrypto” ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

“Zondacrypto” Polşa Olimpiya Komitəsinin əsas sponsorlarından biri olub və şirkətin fəaliyyəti müştərilərin vəsaitlərini çıxara bilməməsi ilə bağlı şikayətlərdən sonra araşdırılır. Yerli məlumatlara görə, birjanın müştərilərinin itkiləri ən azı 350 milyon zlot, yəni təxminən 82 milyon avro təşkil edib.

İstintaq çərçivəsində Pesyeviçin “Zondacrypto”nun keçmiş rəhbəri Pşemıslav Kraldan dəyəri 40 min avrodan çox olan saat və digər hədiyyələr aldığı araşdırılır. Pesyeviç isə saatı öz vəsaiti hesabına aldığını bildirib.

Hazırda Pesyeviçin hansı statusda saxlanıldığı və ona konkret hansı ittihamların irəli sürüləcəyi ilə bağlı yekun məlumat açıqlanmayıb. Polşa Baş Prokurorluğu onunla bağlı prosessual tədbirlər başa çatdıqdan sonra əlavə məlumat veriləcəyini bildirib.

Shares: