Əsas heyətin aparıcı futbolçularını bir-bir itirən “Qəbələ”nin taleyi ciddi narahatlıq doğurur. Davit Volkovi istisna olmaqla, bütün legionerlərini yola salan “qırmızı-qaralar” təcrübəli yerli oyunçularını da saxlamır.
 
Ürfan Abbasovun “Səbail”ə, Cavid Hüseynov, İlqar Qurbanov və Elvin Camalovun “Zirə”yə gedəcəyi dəqiqdi. Rauf Əliyev “Neftçi” ilə danışıq aparırsa, Bəhlul Mustafazadənin xaricdən ciddi təklifi var.
 
Təbii ki, belə durum Avropa Liqasında çıxış edəcək klub üçün yaxşı mənzərə deyil. Elə ilk rəqibin təmsilçimizi darmadağın edəcəyi gözləniləndi. Çünki klub kimsəni almır, boşluqları akademiyanın yetirmələri ilə doldurmaq niyyətindədilər, onların isə nəinki büynəlxalq oyun təcrübədi yoxdu, heç Premyer Liqada özlərini göstərmələri sual altındadı.
 
Klub rəhbərliyi yeni mövsümdə iddiasız olmaq perspektiviylə barışıb. Bir neçə təcrübəli futbolçunun heyətdə saxlanması ilə heç nə dəyişməyəcək. “Sumqayıt”a getməyə can atan Anar Nəzirov müqaviləsi olduğundan qalmağa məcburdu, Asif Məmmədovla Rasim Ramaldanovun isə daha yaxşı təklifi yoxdu. İcarədən qayıdan Yusif Nəbiyev də ölkə kubokunun sahibinin formasını geyəcək. Bu “Qəbələ”nin gələn mövsüm aşkar autsayder olacağı şübhə doğrurmur.
 
Əvəzində “Qəbələ” məşqçi heyətini qorumağa çalışır. Klub fiziki hazırlıq üzrə məşqçi Vladimir Şeludkonu saxlamağa cəhd edir. Ölkədə bu sahə üzrə bacarıqlı kadr olmadığından əyalət təmsilçisi vidalaşdığı çalışdırıcı ilə yenidən anlaşmaq niyyətindədi.
Shares: