Dünya futbolu
Belçika millisində daxili qarşıdurma
Belçika millisində bəzi futbolçular arasında mübahisə düşüb. Bu, DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Mərakeşə 0:2 hesablı məğlubiyyətdən sonra baş verib.
Kevin De Brüyne, Eden Hazard və Yan Vertenqon arasında böyük mübahisə yaşanıb. Buna futbolçuların bir-birlərinin oyunundan razı qalmaması səbəb olub. Romelu Lukakunun müdaxiləsindən sonra məsələnin daha da böyüməsinin qarşısı alınıb.
Xarici mətbuatda yazılır ki, son vaxtlar komandada daxili mühüt korlanıb, bəzi futbolçular bir-biri ilə ünsiyyət saxlamır. Məsələn, De Brüyne Tibo Kurtua ilə şəxsi səbəblərə görə bir neçə ildir danışmır, Eden Hazard isə Leandro Trossardla küsülüdür .Hücumçular Romelu Lukaku və Mişa Batşuayi arasında münasibətlər soyuyub.
Futbolçular arasındakı mübahisənin olmasını Belçika millisinin baş məşqçisi Roberto Martines təsdiqləyib: “Hazırda komanda daxilində gərginliyin olduğu doğrudur. Bu insanların yüksək eqoları var. Dünyanın ən çətin paltardəyişmə otaqlarından biri bizdədir”.
Qeyd edək ki, Belçika millisi F qrupunda 3 xalla 3-cüdür.