Dünya futbolu
Çempionluq qorxusu və ya təcrübəsizliyin fəsadları
“Arsenal” yenə də xal itirdi. Ardıcıl 3 oyundur ki, komanda qələbə qazana bilmir. Bu, itirilən 7 xal deməkdir. “Mançester Siti” kimi “quduz” belə şeyləri bağışlamır. Bunun doğru olub-olmadığını aprelin 26-da biləcəyik.
Çempion olmaq istəyən komanda cədvəlin sonuncu pilləsində olan komandanı evdə məğlub etməlidir. Lider olan komanda son pillədəki ilə oyunda evdə 3 top buraxmamalıdır. Belə hal İngiltərə Premyer Liqası tarixində ilk dəfədir ki, baş verir. Çempion olmaq istəyən komandanın müdafiə xətti buna imkan verməməlidir. Son 3 oyunda buraxılan 7 qol… “Arsenal” evdə bu il cəmi 3 oyunda qapısında top görməyib. Titul üçün savaşan komanda doğma azarkeşlərinə evdə bu qədər üzüntü bəxş etməməlidir.
Bundan qabaqkı iki oyunda eyni ssenarini gördük. “Vest Hem” və “Liverpul”la oyunlarda Artetanın yetirmələri 2:0 hesabını qoruya bilmədilər. Çempion olmaq istəyən komanda belə fərqi əldən verməməlidir. Çempion olmaq istəyən futbolçular yırtıcı olmalı və rəqibin ayağa qalxmasına imkan yaratmamalıdırlar.
Autsayder “Sauthempton”la son oyunda komanda hər iki hissənin əvvəlini bərbad keçirdi. Qollar da həmin vaxtlarda buraxıldı. Halbuki çempionluğu hədəfləyən komanda meydana ayıq çıxmalı idi. Qapıçının da səhvlərini qeyd etmək lazımdır. Oyunun əvvəlində topu rəqibə verərək həm də ona handikap yaratmağa imkan verdi. Çempion qapıçı komandanı xilas etməli, onu çətin vəziyyətə salmamalıdır.
Komandanın ehtiyat oyunçuları ilə son vaxtlar problem var. Bəzi zədələr mexanizmin düzgün işləməsini əngəlləyib. Lakin baş məşqçi fərqli futbolçularla eyni üslubda oynamaqda israrlıdır. O öz fəlsəfəsindən əl çəkmir. Çempion olmaq istəyən komanda həm də bir qədər xameleon olmalıdır, cilddən cildə girərək rəqibin ona uyğunlaşmasına şərait yaratmamlıdır. Çempion məşqçi özü kimi olmalıdır. Hər şeydə müəllimini – Qvardiolanı “kopiyalamamalıdır”. Başını qaşımağından tutmuş əlini ağzına tutmağına qədər – hər şeyi o elədiyi kimi edir. Bu cür çempion olmurlar. Çempion olmaq üçün birinci növbədə özün olmalısan.
Yazılanların hamısı aprelin 26-da alt-üst ola bilər. Bunun üçün “Arsenal” çıxıb “Emirates”də “Mançester Siti”ni məğlub etməlidir. Keçən həftə orada uduzmaq , iki gün əvvəl heç-heçə etmək rahatlığını londonlular əldən veriblər. İndi yalnız qələbə lazımdır. Həm də “Arsenal” Londonda da məğlub olmuşdu. Özünə hörmət edən çempion bir komandaya bir çempionat ərzində iki dəfə uduzmamalıdır.
Bu mövsüm ələ düşən şans əldən verilərsə, çətin ki, qarşıdakı mövsümlərdə çempionluğa bu qədər yaxın olsunlar. Mövsümün əvvəlində çoxları “Arsenal”a ciddi yanaşmırdılar. Lakin son vaxtlar yanaşma dəyişib. Bəlkə də nəticələrin aşağı düşməsi bundan irəli gəlir. Amma fikrimcə, belə vəziyyətin səbəbi bir epizoddur. Londonda, “Mançester Siti” ilə oyunda hesab heç-heçə olarkən Artetanın vaxtı uzatmaq (yəni heç-heçəni qorumaq) üçün yan xətdən çıxan topu De Brüyneyə verməməsi və belçikalı futbolçunu itələyərək topu ondan alması epizodudur. Həmin epizod hər şeyi göstərdi. Futbolçular kor deyil, onlar da bunu görürlər və məşqçilərinin psixologiyası onlara da təsir edir. Çempion olmaq üçün qorxmamalısan.
Hazırda “Arsenal” “Mançester Siti”ni 5 xal qabaqlayır. Lakin Qvardiolanın komandasının ehtiyatda iki oyunu var. Komandaların qalan oyunları isə belədir:
ARSENAL
“Mançester Siti” (səfər)
“Çelsi” (ev)
“Nyukasl” (səfər)
“Brayton” (ev)
“Nottingem Forest” (səfər)
“Vulverhempton” (ev)
——————————————–
MANÇESTER SİTİ
“Arsenal” (ev)
“Fulhem” (səfər)
“Vest Hem” (ev)
“Brayton” (səfər)
“Lids” (ev)
“Everton” (səfər)
“Çelsi” (ev)
“Brentford” (səfər)
SİYAVUŞ ƏLİYEV
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var