Ölkə futbolu
Denkoviç Azərbaycan klubuna görə 20 təklifdən imtina edib, amma…
Monteneqrolu hücumçu Stefan Denkoviç qış transfer dönəmində Azərbaycana köçməyə yaxın olub. Futbolinfo.az saytı xəbər verir ki, bunu 32 yaşlı forvard özü Bosniya və Herseqovina mətbuatına açıqlamasında deyib.
Monteneqronun U-19 millisinin sabiq üzvü bildirib ki, Azərbaycan Premyer Liqasında çıxış edən komandalardan biri ilə müqavilə imzalamağa yaxın olsa da, son anda keçid baş tutmayıb. O, bunu adını açıqlamadığı komandanın büdcə problemi ilə əlaqələndirib.
Denkoviç məhz bu səbəbdən planlarının alt-üst olduğunu vurğulayıb: “Təkliflərim çox idi, 20-yə yaxın. Sizə yalan danışmaram. Azərbaycanda bir klubla danışığı bitirməli idim. Hər şeyi razılaşdırdıq, onlara görə bütün təkliflərdən imtina etdim. Çünki rədd edə bilməyəcəyim təklif idi. Ancaq sonda nəzərdə tutduqları büdcəni ala bilmədilər. Mənim də planım alt-üst oldu”.
İki ay klubsuz qaldıqdan sonra martda Bosniya və Herseqovina təmsilçisi “İqman”la mövsümün sonuna qədər müqavilə bağlayan futbolçu indiki durumundan razılıq bildirib: “Yaya qədər klubsuz qalmamaq üçün “İqman”ın təklifini qəbul etdim. Konits klubunu seçməklə səhv etdiyimi düşünmürəm. Mövsümün sonuna qədər formamı bərpa etmək üçün oynamağım vacibdir”.
Qeyd edək ki, “Srvena Zvezda”nın yetirməsi olan Stefan Denkoviç karyerası ərzində Serbiya, İsrail, Macarıstan, Polşa, Monteneqro, Qazaxıstan və Gürcüstan klublarında çıxış edib.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda