Milli komanda
Futbolçuları günahlandırmaq cəhdi və vətənpərvərlik nəğməsi
AFFA İcraiyyə Komitəsinin dünənki iclasında qurum üzvlərinə maraqlı tapşırıq verilib. Belə ki, milli komandanın uğursuzluqlarını unutdurmaq, rəhbərliyi hədəf olmaqdan qurtarmaq üçün futbolçuların gündəmə gətirilməsi məsləhət bilinib.
Yığmanın baş məşqçisi Canni De Byazinin hesabatı dinləndikdən sonra ona müəyyən iradlar bildirilib. Amma onunla sərt danışmağa kimsənin cəsarəti çatmayıb. İtaliyalı müqaviləni birtərəfli pozmaqdan imtina edib və iclası yarımçıq tərk edib. AFFA rəhbərliyi isə kompensasiya ödəmək qorxusundan onunla bağlı qərar verə bilməyib. Beləcə De Byazinin postunda qalması barədə qərar verilib. Bu, həm də onu yerli məşqçi ilə əvəz etmək zərurətindən qaçmaq üçün atılan addımdır. İK üzvləri yerli məşqçi təyinatının özlərinin sonu olacağını anlayırlar. İllərdi fayda verməyən inadlarına davam edirlər.
Lakin futbol ictimaiyyəti zatən çoxdandır problemin baş məşqçidə olmadığını anlayıb və İcraiyyə Komitəsinin tam tərkibdə istefa verməsini gözləyir. Qurum üzvləri isə məsuliyyətdən yayınmaq üçün müxtəlif variantlar fikirləşir. Tənqidlərdən qaçmaq üçün İK üzvlərinə mətbuata açıqlama verərkən futbolçuları qınamaq, onları tənqid etmək tapşırığı verilib. Təsadüfi deyil, dünən mətbuat nümayəndələrinin qarşısına yalnız Zaur Axundov çıxıb və o, özlərini yox, qismən məşqçini, əsasən futbolçuları qınayıb. Beləliklə, “futbolçuların üstünə fırlatmaq” tapşırığına əməl edib.
AFFA o qədər çarəsiz durumdadır ki, Azərbaycan dilini bilmədiyi üçün verilişə qatılmaqdan qaçan Kazbek Tuayev, futbolu dərindən bilmədiyini deyərək debatdan yayınan Elmar Məmmədyarov və həmkarları vətənpərvərlik dərsi keçməyə cəhd edib. Qurumun rəsmi saytında gedən xəbərdəki cümlələrə diqqət edin: “Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib, hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək oyunlarda təkrarlanmamasının vacibliyi bildirilib. Eyni zamanda, qeyd olunub ki, milli komandanın heyətinə cəlb olunan futbolçuların millinin oyunlarına daha da məsuliyyətlə yanaşması, qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vacibdir”.
Bu cümlələr həm klubları günaha şərik etməyə cəhddir, həm də özünüifşa. Xorvat Filip Ozobiç, anqolalı Eddi Silvestr İsrafilov, ukraynalı Anton Krivotsyuk, rus Aleksey İsayev, fars Höccət Haqverdi, qazaxısatanlı Dmitri Nazarov, braziliyalı Riçard Almeyda, türkiyəli Ozan Can Kökçü, saysız dağıstanlılar və vətənpərvərlik ruhu…
Bu adamlar sayıqladıqlarını özləri dərk edirmi görəsən? Çoxmillətli yığmadan Vətən sevgisi, vətənpərvərlik ruhu gözləyirsiz? Sizin milliləşdirilməsinə razılıq verdiyiniz oyunçuların bu formanı geyməsinin yeganə səbəbi pul sevgisidir. Götürün əcnəbilərinizi və futboldan… gedin!
CAVAD
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları