Müsahibə
“Neftçi”ni zirvədə görməyə öyrəşmişəm” – bakılıların Çilidəki sadiq azarkeşi
2012-2013, 2014-2015 mövsümlərini və 2016-cı ilin ilk 6 ayını “Neftçi”də keçirən, ilk ilində 26 qolla çempionatın bombardiri olan çilili hücumçu Nikolas Kanalesin futbolinfo.az saytına müsahibəsi
– 34 yaşınızda karyeranızı başa vurmusunuz. Halbuki müasir dövrdə futbolçular 38, hətta 40 yaşa qədər oynayırlar. Erkən formadan düşməyiniz nə ilə bağlı idi?
– Formadan düşdüyümlə razılaşmıram. Çünki oynaya bilərdim. Karyeramı bitirməyim bununla bağlı deyildi. Sadəcə, karyeramın sonlarında çox ağır zədə ilə üzləşdim. Zədəmi sağaltdıqdan sonra təkliflərim oldu. Onlar arasında Avropa klubları da var idi. Amma təkliflərdə maliyyə şərtləri həvəskar səviyyədə idi. Belə davam etməkdənsə, karyeranı bitirmək daha doğru olardı.
– Bəs sonra nə işlə məşğul oldunuz?
– Şəxsi biznesə başladım. İndi əsas diqqətimi ona yönəldirəm.
– Biznesin nə olduğunu öyrənmək olar?
– Artıq beş ilə yaxındır bu sahədə çalışıram. Yəni təcrübəli sayılıram. Bəzi ölkələrdən Çiliyə məhsullar gətizdirirəm.
– 15 illik karyeranız ürəyinizcə keçdi?
– Əlbəttə. Ürəyim istəyən kimi karyeraya sahib oldum. Çilidə böyük klubların formasını geyindim, ölkə çempionluğunu qazandım. 6 il Avropada oynadım, “Neftçi” ilə titul qazandım, avrokuboklarda çıxış etdim.
– Yəqin ki, “Neftçi”də keçirdiyiniz günləri xüsusi yadda saxlamısınız…
– “Neftçi” ilə Azərbaycan çempionu oldum, Avropa Liqasının qrupunda çıxış etdim. İtaliyada “İnter”ə vurduğum qolu ömür boyu unutmaram. Azərbaycan Premyer Liqasının da bombardiri oldum. Bütün bunları çiyin-çiyinə oynadığm keçmiş komanda yoldaşlarıma borcluyam. Azərbaycanda fasilələrlə də olsa üç ilə yaxın çıxış etdim. Ora mənə çox doğma oldu, dostlar qazandırdı. Yerli mentalitet, mənə qarşı olan münasibət tez uyğunlaşmağıma kömək oldu.
– Sabiq komandanızın oyunlarını indi də izləyə bilirsiniz?
– Bəzi görüşlərə internetdən baxıram. Açığı, nəticələr arzuladığım kimi deyil. Çünki “Neftçi”ni zirvələrdə görməyə öyrəşmişəm. Nəticələr necə olur-olsun, “Neftçi”nin Çilidə bir sadiq azarkeşi daim olacaq.
– Karyeranızı bitirdikdən sonra bir verilişdə dopinqdən istifadə etdiyinizi bildirmisiniz. Həqiqətən də belə bir şey olub?
– Bu barədə danışmaq istəmirəm. Hər insanın həyatında səhvləri olur. Mən pozitiv anları xatırlamağı üstün tuturam.
– “Neftçi”dəki ikinci dönəminizdə bir oyunda qol vurduqdan sonra formanızı çıxarıb yerə atmağınız hörmətsizlik kimi qələmə verildi. Həmin anı xatırlayırsınız?
– Mənim üçün “Neftçi” azarkeşlərinin fikri hər şeydən önəmlidir. Onlar həmin vaxt niyyətimin bu olmadığını yaxşı bilirdilər. Elə buna görədir ki, həmişə mənə dəstək veriblər. Hətta indi də bəzən mənə xoş sözlər yazırlar. Deməli, təkcə vurduğum qollarla yox, davranışımla da hörmət qazana bilmişəm.
AĞA