Ölkə futbolu
“Qarabağ”la “Ferentsvaroş” eyni gücdədir” – Kvabena Ovusu
Macarıstanın “Ferentsvaroş” komandasının futbolçusu Kvabena Ovusu “Qarabağ”a qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı klubun rəsmi saytına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Ağdam təmsilçisinin güclü kollektivə sahib olduğunu bildirib:
“Qarabağ”ı yaxşı tanıyıram. Köhnə dostları görmək çox xoş olacaq. Bizi xüsusi bir matç gözləyir. Bu gün təxminən eyni gücdə olan iki komanda meydana çıxacaq”.
Afrikalı forvard Macarıstan təmsilçisinin hədəflərindən də söz açıb: “Burada özümü yaxşı hiss edirəm. Hamımızın bir məqsədi var. O da UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqdır. Məşqlərimiz gərgin keçir, bu da normaldır. Çünki yüksək səviyyəli görüşlərdə ciddi fiziki hazırlığa ehtiyacımız var. Biz düzgün yoldayıq”.
Qeyd edək ki, bu gün baş tutacaq “Qarabağ” – “Ferentsvaroş” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Kvabena Ovusu ilin əvvəlində “köhlən atlar”dan Macarıstan klubuna keçib.