Müsahibə
Şəhriyar finala çıxacaqlarına inanır: “Heç kim səhv etmək istəməz”
“Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi
– “Turan Tovuz” son matçda “Şamaxı”ya qalib gələ bilmədi. Səbəbi nədə görürsən?
– Evdə qalib gəlmək istəyirdik. Çünki bizə xal lazım idi. Aşağıdakı rəqiblər də xal qazanıb bizə çatırlar. “Şamaxı”nın çıxışını hər kəs görür. Mübarizə aparırlar, meydanda can qoyurlar. Gənc heyət olmasına baxmayaraq, qələbələr də qazanırlar. Futbol oynamağı bacarırlar. Məşqçiləri də çox yaxşıdır. Bir xal da pis nəticə deyil, çünki indiki vaxtda qazanılan xallar qızıla bərabərdir. Elə oyunlar olub ki, qalib gəlməli olduğumuz matçda xalsız qalmışıq. Yəni xalsız qalmadığımız üçün sevinirəm.
– Komandada son zamanlar sanki bir az düşüş görünür. Səncə, mövsümün yorğunluğundandır, yoxsa başqa səbəb var?
– Düşünmürəm ki, hansısa düşüş və yorğunluq var. Düzdür, adətən mövsümün sonlarına yaxın yorğunluq olur. Amma bizdə belə deyil. Bəzən oyun alınır, bəzən yox. Çünki rəqiblər də səni analiz edir, üstün mövqelərini bağlamağa çalışır. Biz də qələbələr qazanmaq istəyirik, lakin bəzən istədiyin alınmır.
– Sənin də bir neçə oyunda ciddi fərdi səhvlərin olub. Düşünmürsən ki, bu fərdi səhvlər nəticələrinizdə rol oynayıb?
– Futbol elə oyundur ki, səhv qaçılmazdır. Heç kim səhv etmək istəməz. Amma heç kim bundan sığortalanmayıb. Çalışırq ki, bunun üzərində işləyək. Elə səhvlərimiz də olub ki, nəticələrə təsir edib. Bəlkə də həmin səhvlər olmasaydı, xallar qazanardıq.
– Son matçdan sonra azarkeşlər baş məşqçiyə istefa şüarları səsləndirdi. Futbolçular və həmçinin sən bunda özünü günahkar sayırsan?
– Orada bizə dəstək olan azarkeşlər çox idi. Onlar hər zaman yanımızda olub. Qıraqdan da istefa səsləyənlər oldu. Bunun səbəbini bilmirəm. Komandamız yeni yığılıb və ilk ilimizdə turnir cədvəlinin 6-cı pilləsindəyik. Üstəlik, kubokda da yolumuza davam edirik. Kubok oyunu öncəsi belə şeylər bizə psixoloji cəhətdən təsir edir. Sadəcə, peşəkarlığımızdan bu mövzuda ilişib qalmırıq. Yolumuzda davam edirik.
– “Turan Tovuz”un heyətinin digər komandalarla müqayisədə zəif olduğunu düşünənlər və buna görə Ayxan Abbasovda günah görməyənlər də var…
– Yenə yığılan komandadan nə gözləyirlər ki? Bir ay içində komanda formalaşıb. Komandalar var ki, büdcələri qat-qat çoxdur və onlar da çempionatda qalmağa çalışır. Burada günah görüləsi heç nə yoxdur. Hamımız istəyirik ki, qalib gələk. Reallıqla danışası olsaq, bir ay içində yığılan komandaya futbolçu gətirmək çətindir. Bəzi yerli oyunçular şəhərdə komandalarını qoyub Tovuza gəliblər. Çətindir. Uşaqlara təşəkkür edirəm ki, hamı meydanda canını qoyur.
– Kubokun yarımfinalında “Neftçi” ilə oynayacaqsız.
– “Neftçi” ilə bizi ağır oyun gözləyir. Son 3 oyunda yaxşı nəticələr qazanırlar. Əlimizi-qolumuzu yanımıza salmayacağıq. İnşallah, finala çıxarıq. Bunun üçün çalışacağıq.
– Çempionatda təhlükəli zonada olan komandalardansız. Hazırkı mövqeyinizi qorumaq üçün nə lazımdır?
– Kubok matçından qabaq bizi “Kəpəz”lə ağır matç gözləyir. Çalışacağıq ki, xallar qazanaq və çempionatdakı mövqeyimizi yaxşılaşdıraq.
AĞA
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları