Digər idman növləri
Sürprizsiz Kanada qran-prisi
Formula 1-də okeanın o tayında daha bir mərhələ geridə qalıb. Kanada qran-prisi daim sürprizləri ilə yadda qalır. Xüsusilə də havanın dəyişkən olması nəticələrin gözlənilməz alınmasına gətirib çıxarıb. Bu dəfə yağış cümə və şənbə günü öz təsirini göstərib.
Sıralama turunun yağmurlu havada baş tutması start düzümünə təsir etmişdi. Amma bazar günü hava quru idi. Bu da yarışın sürprizsiz keçməsinə şərait yaradıb. Nəticədə azarkeşlər mövsüm ərzində baş tutan yarışlar arasında ən darıxdırıcısını izləyiblər. İlk sıradan start alan Maks Ferstappenə heç kim yaxınlaşa bilməyib. Bununla da o , startdan finişə qədər liderlik edib.
Maraqlıdır ki, ötən yarışı da niderlandlı pilot bu şəkildə keçirmişdi. Ümumiyyətlə, artıq 3 mərhələdən çoxdur ki, Maksdan başqa yarışda liderlik edən olmayıb. Bununla da o, Formula 1 tarixində bu göstəriciyə görə 4-cü yerə yüksəlib.
Liderdən sonrakı yerlər uğrunda mübarizə də maraqlı alınmayıb. Startda Alonsonu keçən Həmilton bir müddət ikinci olub. Lakin ispan pilot yarışın ortalarında hücum edərək yenidən öz yerini qaytarıb. 4 və 5-ci yerlər “Ferrari” pilotları Lekler və Saynsa qismət olub. Onlardan sonra isə “Red Bull”dan Serxio Peres qərarlaşıb. “Vilyams”ın üzvü Aleksandr Elbon gözəl bir mərhələ keçirib. Şənbə günü final sessiyasına yüksələn pilot 7-ci yeri tutub. Bu da komandanın mövsümdə ən yüksək göstəricisidir.
Yarışda ən maraqlı hadisələrdən biri “Mercedes”in pilotu Corc Rasselin qəza etməsi olub.
Beləliklə, 8 mərhələdən sonra Maks Ferstappen ən yaxın izləyicisi olan Serxio Pereslə fərqi bir qədər də artıraraq 70-ə çatdırıb. 3-cü yerdə “Aston Martin”dən Fernando Alonsodur.
Mühəndislər kubokunda isə “Red Bull”un liderliyi davam edir.