Müsahibə
Xalayla “Qəbələ”yə dostlarının məsləhəti ilə gəlib
“Qəbələ”nin israilli yeni transferi Osama Xalaylanın futbolinfo.az saytına müsahibəsi
– Yeni klubun “Qəbələ” səni necə cəlb etdi?
– Mən dostlarımdan klub barədə soruşmuşdum. Onlar komandanın yaxşı olduğunu dedilər. Bildirdilər ki, avrokuboklarda oynayacaq və bu, sənin üçün şansdır. Qərar verdim ki, Azərbaycana gəlim.
– Burada hədəfin nədir?
– Bizi qarşıda çətin il gözləyir. Amma çox ümidliyəm və düşünürəm ki, yaxşı hədəflərimiz və uğurlarımız olacaq.
– Dostların deyəndə Azərbaycanda oynayan israilli futbolçuları nəzərdə tutursan?
– Bəli, onlar dedilər ki, burada yaxşı və maraqlı liqa var. Komandalar güclüdür, yaxşı oyunlar keçir. Sən rahatlıqla gələ bilərsən.
– Konkret olaraq kiminlə danışdın?
– Kenni Sayef və Feras Abu Akal mənim dostumdur. Onlarla danışdım. Ata Caberlə bir komandada oynamışıq. Hamısı ilə söhbət etdim.
– “Qəbələ” Konfrans Liqasında Kiprin “Omoniya” klubuna qarşı oynayacaq…
– Açığı, bu barədə çox danışa bilmərəm. Çünki cəmi 2 gündür ki, kluba qoşulmuşam. Düzdür, bizi avrokuboklarda heç də asan oyunlar gözləmir. Çətin rəqiblə qarşılaşacağıq. Əlimizdən gələni edəcəyik.
– İlk dəfə legioner həyatı yaşayacaqsan. Bu, səni həyəcanlandırır?
– Əlbəttə. Mənim üçün heç də asan deyil, amma yeni macəralar lazımdır.
FƏRİD