Müsahibə
Zubir “Samsunspor”a mümkün keçidi ilə bağlı danışmadı: “Buna klub qərar verəcək”
“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin futbolinfo.az saytına müsahibəsi
– “Neftçi” üzərində 4:2 hesablı qələbə qazandınız. Qarşılaşma haqqında nə deyə bilərsən?
– Nəticəyə görə xoşbəxtik. Sevincliyik ki, bu gün səfərdə “Neftçi”yə qalib gəldik. Əsas 3 xalı əldə etmək idi və biz buna nail olduq.
– Rəqib qırmızı vərəqə aldıqdan sonra sizə daha asan oldu?
– Yox, heç də asan olmadı. Çünki “Neftçi” asanlıqla təslim olacaq komanda deyil. Onlar müdafiədə kompakt oynayırdılar, əks-hücumlara çıxırdılar. Elə əks-hücumların birində qol da vurdular. Hətta ikinci qolu da qapımızdan keçirdilər. Yəni asan matç keçmədi.
– Bu gün həm də gözəl qol vurdun…
– Nə deyə bilərəm ki? Top gələrkən rəqib qapısına tərəf yaxşı döndüm və bundan sonra fikrim ancaq gedib qol vurmaq idi. Fərqləndim və buna görə şadam (gülür).
– İki ildir ki, “Neftçi” “Qarabağ”a qalib gələ bilmir. Səncə, onlar artıq “Qarabağ” üçün asan rəqibdir?
– Elə deyil, “Neftçi” heç zaman asan rəqib deyil. Statistikanı dəqiq bilmirəm, amma biz bu matçlara ciddi hazırlaşırıq. Onların heyətində keyfiyyətli futbolçular var və hər zaman təhlükə yarada bilirlər. Ona görə də bizim üçün asan keçmir.
– Azərbaycan milli komandasında oynayacağınla bağlı hər iki aydan bir xəbərlər çıxır. Səncə, bu, real görünür?
– Mən gələcəyi bilmirəm. Həqiqətən heç nə bilmirəm.
– Türkiyənin “Samsunspor” klubundan təklif aldığın deyilir…
– Bu barədə heç nə deyə bilmərəm. “Qarabağ”la müqaviləm var.
– Yeni uzunmüddətli müqavilə imzalamağı düşünürsən?
– Buna klub qərar verəcək.
FƏRİD