Müsahibə
XL: Ya Mircavadov, ya da Rednik
Bu il 10 illik yubileyini qeyd edən "Xəzər Lənkəran"a i…
Bu il 10 illik yubileyini qeyd edən "Xəzər Lənkəran"a indiyə kimi klubun yaşından çox məşqçi rəhbərlik edib. Ancaq həmin məşqçilərin əksəriyyəti komandada uğur qazandıra bilməyib. Yalnız Ağasəlim Mircavadov və Mirça Rednik onlara göstərilən etimadı doğrulda bilib. Demək olar ki, cənubluların bütün uğurları məhz bu iki məşqçinin adı ilə bağlıdı.
İndi "Xəzər Lənkəran" yenə məşqçi sevdasına düşüb. İli köhnə olan "Opel" markalı avtomobillərə yağ çatdırmaq mümkün olmadığı kimi, "Xəzər Lənkəran"a da məşqçi çatdırmaq olmur. Halbuki, ötən mövsüm "Xəzər Lənkəran"a ən adlı-sanlı məşqçilərdən olan Con Benjamin Toşak və Mustafa Dənizli başçılıq edirdi. Cənublular mövsümə Toşakla start versə də, uğursuz nəticələrdən sonra uesli çalışdırıcı da gedənlər karvanına qoşuldu. Onun yarıda qalan işini isə daha bir adlı-sanlı məşqçi Mustafa Dənizli davam etdirdi.
Ancaq Dənizli də cənub klubunu uğursuz zolaqdan çıxara bilmədi. Nəticədə komanda yubiley ilində mövsümü 7-ci pillədə tamamladı, kuboksuz qaldı. Bu nəticə klub rəhbərliyini qane etmədiyi üçün türk çalışdırıcıya "gülə-gülə" dedilər. Ancaq hələ ki, kimin gülüb, kimin ağlayacağı bəlli deyil. Çünki rəhbərlik Dənizlinin "Xəzər Lənkəran"dan ayrıldığını desə də, türk çalışdırıcı hələ də komandanın onun nəzarətində olduğunu qeyd edir. Bir sözlə cənub klubun işi qalıb Allaha.
İndi də "Xəzər Lənkəran"da Rednik sədaları eşidilməyə başlayıb. Deyilənlərə görə, klub rumın çalışdırıcı ilə danışıqlar aparır. Əslində bu, cənub klubu üçün ən ideal variantdı. Çünki komandaya bələd olmayan bir məşqçi gəlsə, onun ölkəmizə uyğunlaşması, futbolçuları və komandanı yaxından tanıması üçün zamana ehtiyacı var ki, bu da "ağ-yaşıllılar"ın növbəti uğursuzluğu ilə nəticələnə bilər.
Klub Rednikdən vaz keçsə, seçimini yerli məşqçidən yana etməlidi. Burada ən ideal variant isə komandaya yeganə ölkə çempionluğunu qazandırmış Ağasəlim Mircavadovdu. Çünki o da cənub klubuna yaxşı bələddi. Yəqin ki, əvvəl-axır klub rəhbərliyi komandaya və ölkəmizə yad olmayan məşqçi ilə anlaşacaq. Hər halda klubun başbilənləri onu da nəzərə almalıdı ki, artıq növbəti mövsümdə də "Xəzər Lənkəran" uğursuzluğa düçar olsa, onu dəstəkləyən azarkeş tapılmayacaq.
EMİN SƏFƏROV