Müsahibə
Türkiyəli məşqçi: “Neftçi” bizdən pul istəyir"
Futbolinfo.az sizi Türkiyə PTT 1-ci Liqasında mübarizə ap…
Futbolinfo.az sizi Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan “Ankaraspor” klubunun baş məşqçisi Osman Özköylünün müsahibəsi ilə tanış edir.
– “Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin çalışdırdığınız komandada oynamaq ehtimalı var. Azərbaycanlı yarımmüdafiəçinin transferini şəxsən siz istəmisiniz, yoxsa onu sizə təklif ediblər?
– Əlbəttə, Cavidin transferini mən istəmişəm. Oyun tərzi xoşuma gəlir. Bu səbəbdən “Ankaraspor”a xeyir verə biləcəyini düşünürəm. Bu məsələ yaxın günlərdə həll olunmalıdı.
– İmamverdiyevin çıxışını nə vaxt izləmisiniz?
– Bir neçə oyununa baxmışdım. Mövsüm bitdikdən sonra onun üçün “Neftçi”yə təklif göndərdik. Hazırda danışıqlar gedir.
– Bəs, məsələnin həllinin yubanmasının səbəbi nədi?
– Bir az maddi məsələlər var. “Neftçi” Cavidi bizim komandaya icarəyə göndərməlidi. Bu səbəbdən bizdən pul istəyir. Biz də həmin məbləği müzakirə edirik.
– “Neftçi”nin tələb etdiyi məbləğ çox yüksəkdi?
– Yüksək məbləğ deyəndə ki, onlar bizə bir rəqəm dedilər. Biz də onu klub daxilində müzakirə etdik və yüksək olduğuna qərar verdik. Bu gün axşam gücümüz çatan məbləği “Neftçi”yə göndərəcəyik. Əgər onun qarşılığında “Neftçi” Cavid İmamverdiyevi buraxsa, sevinərik. Əks halda alınmayacaq və biz də məyus olacağıq.
– Azərbaycandan başqa istədiyiniz futbolçu var?
– Yox. Təkcə Cavidlə maraqlanmışıq və klubumuza gəlməsi üçün çalışırıq. (apasport.az)