Ölkə futbolu
Qurban Qurbanov minimal hesablı qələbə və ya heç-heçə istəyir
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Mal…
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə qarşılaşacaq "Qarabağ" oyun öncəsi son məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, son məşqin ardından Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb:
"Rəqibimiz ötən mövsümün sonundan etibarən heyətində xeyli dəyişiklər edib. Komandaya yaxşı oyunçular cəlb ediblər. Baş məşqçi postuna yerli və gənc məşqçi gəlib. Klubun prezidenti özü açıqlama verib ki, daha yaxşı komanda təşkil etmək istəyir. Gördüyü işlər, elədikləri transferlər də bu istəyi əks etdirir. Yeni transfer olunan oyunçular Malta milli komandasından, Avstraliyadan, Portuqaliyadan, Yunanıstan liqasından transfer olunan futbolçulardı. Hər biri keyfiyyətli futbolçudu. Keçən il Avropa liqasında yaxşı təcrübə qazanmış bir komandadı. Kimlərsə fikirləşə bilər ki, bizim üçün asan rəqibdi, lakin düşünürəm ki, bu, səhv fikirdi. Çünki, rəqibimizin çox təcrübəli, nəticəyə oynaya biləcək futbolçuları çoxdu. Xüsusilə orta xətti vurğulamaq istəyirəm. Ayrıca, baş məşqçilərinin də yeni olmasını nəzərə alıb, ilk dəqiqələrdən rəqibin oyun üslubunu çözməyə və qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Ardınca da çalışacağıq ki, oyuna nəzarəti ələ alaq".
Nəticə barəsində verilən sualı Qurban Qurbanov "minimal hesablı qələbə və ya bərabərlik hesab edirəm ki, pis nəticə olmaz", deyə cavablandırıb.